27 Mart 15:34
7 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılacağı ilə bağlı açıqlaması bu ölkədə revanşistləri hərəkətə gətirib.

Teleqraf.com xəbər verir ki, terrorçu silahlı qruplaşmalarla yanaşı, bəzi siyasi qüvvələr və erməni kilsəsi də kəndlərin qaytarılması prosesinə “müqavimət” göstərəcəklərini bildirirlər.

“Demokratik Birləşmə” Partiyasının sədri Suren Petrosyan artıq bir neçə gündür Tavuş vilayətindədir, o və tərəfdarları “müqavimət cəbhəsi”ni genişləndirmək üçün Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstyanla da görüşüb. Görüşdən sonra Petrosyan və azsaylı tərəfdarları Voskepara (Əskipara – red.) gedib, bir neçə gündür oradadırlar.

Onun sözlərinə görə, Tavuşda heç kim kəndlərin qaytarılmasına razı deyil, sonadək “təslim” olmayacaqlar.

Petrosyan 2022-ci ilin yayında da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilərkən də, “özümüdafiə dəstəsi” ilə ora getmiş, buna imkan verməyəcəklərini bəyan etmişdi. Sonrası məlumdur.

Voskepar 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Yuxarı Əskipara kəndi ilə əsas hissəsi arasında yerləşir. Voskepar və digər bəzi ərazilərimizin sovet dönəmində qanunsuz şəkildə Ermənistana verilməsi Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərini Azərbaycanın əsas hissəsindən ayıraraq eksklava çevirib.

Ermənilər Əskiparanı 1950-ci ildən “Voskepar” adlandırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu