ABŞ-nin İran üzrə komissarı Abram Paley Cənubi Qafqaz ölkələrinə səfərinin nəticələri barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Amerikalı diplomat Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda olub. Paley İrəvan və Tiflisə səfərində İrana qarşı sanksiyaların saxlanması və molla rejiminin sabitliyi pozan davranışları ilə bağlı məsələləri müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüyünü bildirib.
“ABŞ regiona müsbət baxışı inkişaf etdirmək üçün tərəfdaşlarımızla işləməyə sadiqdir”, - ABŞ rəsmisi deyib.
Paley İrəvanda Ermənistan Təhlükəsizlik Şurası, Dövlət Gəlirləri Komitəsi, Mərkəzi Bank və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb:
“İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Milli Təhlükəsizlik Şurası, Mərkəzi Bank və Dövlət Gəlirləri Komitəsinin nümayəndələri ilə İran, sərhəd təhlükəsizliyi, sanksiyalar, Ermənistanın iqtisadi və xarici siyasətinin şaxələndirilməsi və digər məsələlərlə bağlı anlamlı görüşlər keçirdim.
İran üzrə xüsusi komissar Cənubi Qafqaza səfərin konstruktiv atmosferdə keçdiyini söyləyib.
Paley Gürcüstanda bu ölkənin xarici işlər nazirinin müavini, Mərkəzi Bank və özəl sektorun nümayəndələri ilə görüşüb.
Amerika rəsmisi Tiflisdən Bakıya gəlib, burada prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə görüşlər keçirib. Paley Bakıda İranın bölgədə sabitliyi pozan davranışları, bu ölkəyə sanksiyaların tətbiqi və regiondakı vəziyyətlə bağlı səmərəli müzakirələr apardığını vurğulayıb.
ABŞ rəsmisi Bakıda İsrailin ölkəmizdəki səfiri Corc Diklə də bir araya gəlib.