Ermənistan Azərbaycanın təkliflərini qəbul etsə, sülh müqaviləsini qısa müddətdə imzalamaq mümkündür.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert ABŞ hökumətinin sülh prosesi ilə bağlı fəallığına diqqət çəkib:
“Azərbaycana səfərə hazırlaşan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələri Komitəsinin dinləmələrində çıxış edib. Amerikalı diplomat konqresmenlərin suallarına cavab olaraq bildirib ki, Bakıdakı görüşlərdə Ermənistanla sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini söyləyəcək. Bunu digər amerikalı diplomatlar da dönə-dönə vurğulayırlar.
Obrayenin Bakıya səfəri ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı növbəti təkliflərini İrəvana göndərib. Əgər İrəvan Bakının təkliflərini qəbul edərsə, məsələnin qısa müddətdə həlli mümkündür. Ancaq İrəvan Bakının “Konstitusiyanızda Azərbaycana ərazi iddialarını ehtiva edən bəndləri çıxarın” tələbinin yerinə yetirilməsini sonrakı illərə saxlamaq istəyir. Vaşinqton rəsmi Bakının tələbindən xəbərdardır. Buna baxmayaraq, ABŞ Dövlət Departamenti Ermənistan konstitusiyası ilə bağlı bu günə qədər mövqe bildirməyib. Vaşinqtonun çox çalışdığı sülh sazişinə əsas əngəl budur.
Amerikalı diplomatlar Azərbaycanla Ermənistan arasında qısa müddətdə sülh sazişininin imzalanması və Obrayenin Konqresdə söylədiyi kimi, Ermənistanın Azərbaycandan keçən Orta dəhliz layihəsinə qoşulmasını istəyirlərsə, əsas izahat işini İrəvanda aparmalıdırlar”.