Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistana ilkin olaraq 2 milyard dollar investisiya yatıracaq.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, ötən gün Prezident Əliyev və Baş nazir Şərifin mediaya bəyanatlarında sərmayənin yatırılması üçün saziş üzərində son tamamlama işlərinin getdiyi və yaxın aylarda müqavilə imzalanacağı bildirildi.
Hələlik sərmayənin konkret hansı sahəyə yatırıldığı elan olunmasa da, bu açıqlama Pakistan Baş naziri Şahbaz Şərifin ötən ilin iyun ayında Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən yardım istəməsini yada salır. Belə ki, Bakıda liderlərin mediaya birgə açıqlamaları zamanı Şahbaz Şərif enerji idxalı məsələsində çətinliklərindən bəhs etmiş, bu sahəyə ildə 27 milyard ayırmalarına baxmayaraq, bahalı idxalın davam etdiyini bildirmiş, günəş enerjisindən istifadədə və Pakistanın enerji idxalında böyük xərclərinin azaldılmasında Əliyevin yardımına ehtiyacları olduğunu vurğulamışdı.
Ötən gün Prezident Əliyev Pakistana ilkin olaraq 2 milyard dollarlıq sərmayə yatırılacağını bildirərək qeyd etdi ki, baş nazirlə energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesində bir sıra layihələri artıq nəzərdən keçirdik. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan əsasən Pakistanın enerji sektoruna yatırıma hazırlaşır.