Abşeron rayonu Masazır qəsəbəsində uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası tikilib. Binanı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik inşa edib.
2014-cü il dekabrın 29-da binanın açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
İnternat məzunları üçün 120 mənzillik bina
Agentliyin əməliyyatlar üzrə meneceri Əhməd Əhmədovun verdiyi məlumata görə, 120 mənzildən ibarət binada mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib.
Binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Bu xidmət sahələrində məzunların özləri çalışacaqlar: “Bina istifadəyə tam hazır vəziyyətdədir. Abşeron rayon icra hakimiyyəti tərəfindən istismar aktı təqdim edilib”.
Mənzilləri “Məzun evi” paylayacaq
Əhməd Əhmədovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Məzun evi” yaradılması ilə bağlı Nazirlər Kabineti qərar verib. Həmin “Məzun evi” yaradılıdqdan sonra bina nazirliyin balansına keçəcək.
Masazır qəsəbəsində bu tipli binaların yenə də inşa olunacağını bildirən agentlik rəsmisi dedi ki, gələcək planlar maddi vəsaitdən asılıdır: “Masazır qəsəbəsində bu tipli daha bir neçə bina inşa etmək imkanı var. Bu binadan sonra digərlərinin də inşasına başlanacağı gözlənilir. Məndə olan məlumata görə, bu mənzillər ilk növbədə yaşı 18-dən yuxarı olan, hər iki valideynini itirən və heç bir yaşayış yeri olmayan gənclərə veriləcək”.
“Bina nazirliyin balansına veriləndən sonra...”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirdi ki, hazırda sənədləşdirmə işləri aparılır. Nazirlər Kabinetinin göstərişi əsasında binanın nazirlik balansına veriləcəyi gözlənilir.
Bina nazirliyin balansına keçdikdən sonra valideyn himayəsindən məhrum olan, uşaq evləri və internat məktəbi məzunlarına siyahı üzrə mənzillər paylanacaq: “Proses reallaşanda bu haqda ictimaiyyətə məlumat veriləcək”.
Əsgərdən gələn gənclər hara gedəcəyini bilmir
“İnternat Məzunlarının Sosial İnteqrasiyası” (İMSİ) Gənclər İctimai Birliyinin sədri Araz Əhmədovdan aldığımız məlumata görə, hər il internat məktəblərini təxminən 50-dək şagird bitirir. Valideyn himayəsindən məhrum olan bu gənclər hara gedəcəklərini bilmirlər: “Hazırda 382 üzvümüz var. Mənzil növbəsində olan 50-dək gəncin ad-soyadını Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimova təqdim etmişik. Hazırda hərbi xidmətdən qayıdan gənclərimiz də var, onların da yaşayış yerləri yoxdur. Bu siyahıya onların da adlarını əlavə etməyi qərarlaşdırmışıq.
Bildiyimə görə, nazirliyə müxtəlif internat məktəbləri və uşaq evlərindən də siyahı təqdim olunub. Həmin gənclər bu qurumlarda orta məktəb bitiriblər, indi gedəcək yerləri yoxdur. Məndə olan məlumata görə, hazırda nazirlikdə sənədləşdirmə işləri aparılır. İlk növbədə hər iki valideynini itirən və heç bir yaşayış yeri olmayan gənclərin evlə təmin olunması məsələsinə baxılacaq.
Amma valideyn himayəsindən məhrum olan gənclər da var ki, onların da yaşamağa sığınacaqları yoxdur, onlar da kənarda qalmamalıdır".
9 gəncə torpaq sahəsi verilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək valideyn himayəsindən məhrum 56 gəncə Nizami rayonunda hər bir əşya ilə təmin olunmuş mənzil verildiyini deyən Araz Əhmədov bildirdi ki, İMSİ bu cür nümunəvi işin genişləndirilməsini arzulayır: “Nizami rayonunda inşa olunan binada evlə təmin olunan gənclərimiz ”Dan" Gənclər İctimai Birliyinin xətti ilə Neft Şirkətinə işə düzəldi, sonra isə evlə təmin olundular. Bundan başqa 9 gəncə - 2 qız, 7 oğlana torpaq sahəsinin ayrılmasında yardımçı olmuşuq. O gənclərdən 2-si ayrılan torpaq sahəsində müxtəlif təşkilatların dəstəyi ilə özlərinə ev tikiblər. Amma tikinti tam başa çatmadığına görə mənzilə köçə bilmirlər".
Biz də cəmiyyətə fayda verək
Araz Əhmədovun sözlərinə görə, İMSİ valideynlərini itirən, valideyn himayəsindən məhrum olan gənclərə qayğısını əsirgəmir: “Heydər Əliyev Fondunun, Neft Şirkətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər aidiyyəti təşkilatların bizim gənclərə göstərdikləri qayğının müqabilində, İMSİ-nin üzvü olan gənclərimiz də dövlət və cəmiyyət üçün faydalı olmaq istiqamətində tədbirlər həyata keçirmək niyyətindədir.
Prinsipimiz budur ki, problemi həll edilən hər gənc digər məzunun probleminə yardımçı olmağa borcludur. İlkin məramımız yaranmış şəraitdən istifadə edib həm dövlətimiz, həm cəmiyyətimiz, həm də hər birimiz üçün faydalı olmaqdır. Hazırda Amerikada hüquqşünas təhsili alan bir məzunumuz Gülayat Hacıyeva, Moskvada ali məktəblərdə təhsil alan 10 məzunumuz geri dönüb, vətənimizə, cəmiyyətimizə, dövlətimizə fayda verməyi düşünürlər. Bizim aramızda rəssam da, musiqiçi də, təyyarəçi də, alim də, fəhlə də yetişməkdədir. Onların hər biri bu cəmiyyətin sağlam inkişafında əllərindən gələn köməyi göstərməyə hazırdırlar".
Sevil Hilalqızı