13 Oktyabr 2015 18:12
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaçqınlar üçün mənzil tikinsinə ayrılan maliyyə vəsaiti azaldılıb. Bu, yolverilməzdir. Həmin insanlar evlərini, əmlaklarını itiriblər. Dövlət hər il bu istiqamətə ayrılan vəsaiti artırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı dilə gətirib. O bildirib ki, hərbi xərclər də illər üzrə artırılmalıdır: “Ermənistan rəhbərliyinin davranışları göstərir ki, biz çətin torpaqları sülh yolu ilə alaq. Ona görə ordunu gücləndirməliyik”.


BAXCP sədri Q.Həsənquliyev büdcəni artırmaq üçün özəlləşdirməyə gedilməsini təklif edib: “Səhmdar cəmiyyətlər var ki, onlar həm büdcədən dotasiya alırlar, həm də büdcə onların xarici borclarını ödəyir. O şirkətlər özəlləşdirməyə çıxarılmalıdır. "Beynəlxalq Bank"ın rəhbərliyini götürək. Cahangir Hacıyev dövlətin milyardlarla vəsaitini girovsuz verib. Beynəlxalq təşkilatlar illərdir bu bankın özəlləşdirilməsini təklif edirlər. Yubatdıq və dövlətin vəsaitləri dağıdıldı”.

Millət vəkili universitetlərin də özəlləşdirilməsi təklifini irəli sürüb: “Bununla büdcəyə vəsait gətirə bilərlər. Prezidentin qoyduğu vəzifələr icra edilsə, növbəti ildə fərqli Azərbaycan görərik”.

Millət vəkili məhkəmə-sahibkar münasibətlərinə də toxunub: “Sahibkarların məhkəmələrdə hüquqlarını müdafiə etmək imkanları olmalıdır. Ölkədə məhkəmə islahatları aparılmalıdır. Ciddi dəyişikliklər edilməsə, iqtisadi inkişafa nail ola bilməyəcik. Bəllidir ki, dövlət sifarişi ilə işlər dayandırılıb və orada işləyən insanlar işsiz qalacaqlar. Neft Fondunun vəsaitinin bir hissəsi ölkəyə gətirilməlidir. Bir sıra ölkələr böhranda bu təcrübədən istifadə ediblər və uğurlu da alınıb. Fondun 4 milyard manatı ölkəyə gətirilərək sahibkarlara kredit şəklində verilməlidir”.

Nemət


Müəllif: