21 Oktyabr 2015 13:13
1 663

IX-XI siniflər üçün “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi neçə illərdir ki, heç bir dəyişiklik edilmədən təkrar-təkrar nəşr olunur. Bu kitab uzun illərdir ki, hər dərs ilinin başlanğıcında təsdiq olunur və Təhsil Nazirliyinin müvafiq şöbəsi şagirdlərə verdikləri dərsliyin içinə baxmır ki, bəlkə, nəsə əlavə edək, nəyisə dəyişək, nəyisə çıxaraq.

Bu kitabda qulaq qafiyəsi haqda yazılıb: “Qafiyə bəzən sözlərin tələffüzcə, yazılışca yaxınlığından yox, eşitmə oxşarlığından, sədasından yaranır” (səh. 26). Bu fikir dolaşıq olduğundan gülməli alınıb. Çünki həmin cümlədən belə çıxır ki, guya tələffüzcə yaxınlıq ayrı şeydir, eşitmə yaxınlığı, oxşarlığı başqa şey. Məgər sözlər qulaqla eşidilmir? Bəlkə, burun və ya gözlə eşidənlər var, xəbərimiz yoxdur?

Bundan başqa, əfsanələr, rəvayətlər, vəsfi-hallar, mahnılar haqqında, hətta dramatik növün janrları haqqında məlumat yoxdur. Həm də “Şifahi xalq ədəbiyyatı janrları” bölməsində ədəbi növlərin janrları sistemli, səliqəli şəkildə, müfəssəl deyil. Belə ki, lirik, epik, dramatik növ haqqında məlumatlar ayrı-ayrı verilməyib.

Dastanlar köhnə qayda ilə – aşıq yaradıcılığının tərkibində verilib. Bu da X sinif ədəbiyyat dərsliyi ilə uyğun gəlmir (səh.19).

Dərslikdə səkkiz hecalı şeirin 5+3 bölgüsünü göstəriblər və buna misal olaraq Aşıq Ələsgərdən bir bənd gəraylı verilib. Məncə, həmin şeirin bölgüsündə də “zorən təbibliyə”, yəni zorən bölgüyə yol veriblər. (səh. 32)

Məzmun və formadan bəhs edilərkən dərslikdə yazılıb: “Məsələn, məzmunun tərkib hissələri janr, ahəng, dil və başqalarıdır” (səh. 73). Məludur ki, bunlar məzmunun deyil, formanın tərkib hissələridir. Ola bilsin ki, bu, texniki səhvdir. Ancaq çox qəribədir ki, neçə ildir təkrar-təkrar nəşr olunur.
Doqquz hecalı şeirlərin daha çox 5+4 bölgüsündə olduğu bildirilir və bu nümunə göstərilir:

Evimizə xozan gətirmişəm,
Pərgarı pozan gətirmişəm (səh. 33)

Əgər hecaları saysaq görərik ki, 1-ci misra 5+4 deyil, 6+4-dür. Burada qeyd olunmalıdır ki, “evimizə” sözündəki birinci “i” saiti tələffüzdə düşür və beləliklə, 5+4 alınır və yaxud şeiri elə “evmizə” şəklində yazmaq lazımdır ki, əməlliyyəsi ilə nəzəriyyəsi düz gəlsin.

“Bədii dilin tərkibi” mövzusunda neologizmə (yeni sözlərə) misal olaraq televizor, maqnitofon, elektrik, kosmonavt və s. sözlər verilib. (səh. 88).
Halbuki müasirlik baxımından bunların heç biri yeni söz deyil. Vaxtilə, sovet dövründə yeni söz olub. İndi isə adi ümumişlək sözdür.

Kompozisiyanın ünsürləri kimi epiqraf, proloq, epiloq göstərilir. Amma haşiyə və peyzaj da bura əlavə edilməlidir.

Sərbəst vəzndən bəhs edilərkən bu vəznə heca vəzninin təsirindən danışılır və mətnin, demək olar ki, 90%- i bu məsələyə həsr olunur. Sərbəst vəznin spesifik xüsusiyyətlərinə aid mətndə beş-altı cümlə var ki, onların da bəzisi elmi cəhətdən qüsurludur.

Sərbəst şeir haqqında deyilir: “Belə şeirlərin özündə də müəyyən ölçü özünü göstərir”. Burada ölcü sözü yerində işlənməyib. Çünki şagirdlərə öyrədilir ki, sərbəst şeirdə ölçü (vəzn mənasında) olmur. Bunu müəllif özü də lap başlanğıcdan qeyd edir. Bəs necə olur ki, dərsin əvvəli ilə axırı bir-birinə düz gəlmir?

Məsələ burasındadır ki, müəllif unudub ki, “ölçü” sözü həm termin kimi, həm də ümumişlək söz kimi işlənir. Həmin cümlədə müəllif “ölçü” sözünü məhz ümumişlək söz kimi, yəni “qayda” mənasında işlədib. Lakin bu, mənim üçün aydındır, şagirdlər üçün yox. Ona görə də müəllif belə yazmalı idi: “Belə şeirlərin özündə də müəyyən qayda özünü göstərir”.

Proobrazdan danışarkən müəllif yazır: “Sənətkar tip yaradarkən bəzən həyatda yaşayan və fəaliyyət göstərən bir adamın həyatını bədii şəkildə ümumiləşdirməyi qarşısına məqsəd qoyur ki, buna ədəbiyyatda proobraz, yaxud da prototip deyilir” (səh. 75). Bu cümlədəki “yaşayan”, “fəaliyyət göstərən” indiki zaman mənalıdır. Deməli, həmin fikir ədibin öz dövründə yaşayan adamlara şamil olunur. Dərslik müəllifi isə “Vaqif” əsərində Vaqifi proobraz hesab edir ki, məncə, bu düzgün deyil. Onda belə çıxır ki, Vidadi, Qacar, Xosrov, Şirin, Teymurləng, Şah Abbas, Natəvan və s. – hamısı proobrazdır. Bunların tarixi obrazlar, tarixi surətlər kimi verilməsi daha düzgündür.

“Ədəbiyyatın tərbiyəvi əhəmiyyəti” bəhsində Nəsirəddin Tusidən nümunə gətirilib: “Ünsiyyət və əlaqə o zaman baş tutar ki, insan nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə tək-tək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı bilsin, bu, ictimaiyyət elmidir. Deməli, hamı elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, əks halda, rəftar və davranışda səhvlərə yol verər... (səh.5)

Özlüyündə mənalı olan bu fikir, göründüyü kimi, sosiologiya elminə aiddir. Ədəbiyyat isə elm deyil, sənətdir, söz sənətidir. Ədəbiyyatın tərbiyəvi əhəmiyyətinə aid yüzlərlə təsirli, maraqlı, aydın mənalı ifadələr mövcuddur və onlardan bir-ikisini misal gətirmək daha yaxşı olardır.

Burda saydığımız qüsurlar dərslik problemlərinin bir hissəsidir. Növbəti yazılarımızda tənqidi qeydlərmizi davam etdirəcəyik.

Sərvər Şirin



Müəllif:
Загрузка...