28 Noyabr 2015 12:20
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixi noyabrın 26-da xoşagəlməz bir hadisəyə şahidlik etdi. Həmin gün Bakının 25 kilometrliyində yerləşən, Sabunçu rayonunun Nardaran qəsəbəsində iki polis əməkdaşının qəhrəmancasına həlak olması ilə nəticələnən insident baş verdi. Ümumilikdə isə, qarşıdurmada 6 nəfər dünyasını dəyişdi.

Nardaran hadisələri Azərbaycan xalqının böyük mənəvi sərvəti olan dünyəvi dövlətçiliyinə arxadan saplanmış xəncər idi. Hüquq-mühafizə orqanlarının bununla bağlı yaydıqları açıqlamada da qeyd olunur ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib. Sözsüz ki, Nardaranda baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa açıq nümayiş etdirdi.

Əslən nardaranlı olmayan Tale Bağırzadə və onun ətrafında birləşmiş ekstremistlər xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları edib və gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildiriblər. Bu ekstremist dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyən insanları məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Çox diqqətçəkici məqam ondan ibarətdir ki, artıq qeyd etdiyimiz kimi T.Bağırzadə Nardaranda doğulmayıb, burada boya-başa çatmayıb. Sadəcə, özünün pozucu fəaliyyətini həyata keçirmək üçün Nardarandan guşənişin kimi istifadə edib. Bəs, niyə Nardaran? Niyə hər dəfə Nardaranda bu cür qanlı hadisələr baş verməlidi?! Ölkənin digər yerlərində icitmai-siyasi sabitlik hökm sürərəkən Nardaranda baş verənləri nə ilə izah etmək olar?!

Hər şey əslində 1991-ci ildə bu kənddə Azərbaycan İslam Partiyası kimi təxribatçı-pozucu partiyanın əsasının qoyulması ilə başlayıb. Həmin partiyanın fəaliyyətinə qadağa qoyulsa da, kənddə bu partiya fəaliyyət göstərir və əhali arasında dəstəyə malikdir. Noyabrın 26-da bu kənddə baş verən hadisə son 15 ildə baş verən 4-cü irimiqyaslı iğtişaş və zorakılıq aksiyasıdır. Belə ki, 2000, 2002 və 2006-cı illərdə də kənddə iğtişaşlar baş verib. Xüsusilə, 2002-ci ildə baş verən hadisə zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına xaincəsinə hücum edilmişdi. Həmin ilin iyun ayında asayişi qorumağa göndərilmiş polis dəstələrinə mane olmayan təxribatçı qruplar onları İmam Hüseyn meydanına qədər buraxmışdı. Sonra isə polisi pusquya salmışdılar. Molotov kokteylləri ilə 2 polis maşınını içində polis qarışıq yandırmışdılar. Atışmada xeyli sayda hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olmuş və yaralanmışdı.

Bu gün də Nardaran kəndində törədilən hadisələrdə başlıca məqsəd bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir. Noyabrın 26-da Nardaranda radikal ekstremistlər hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərib, polis əməkdaşlarını qətlə yetiriblər. Hadisə zamanı onların təşkilatlandığı və ciddi şəkildə silahlandığı öz təsdiqini tapıb. Onların arsenalında odlu silahlar, əl qumbaraları, çoxlu sayda “Molotov kokteyli” olub.

Niyə axı Bakının dəniz kənarı kəndlərindən biri, şirə torpaqla zəngin olan, təmiz havası bu məkan hər dəfə bu cür xoşagəlməz hadisələrlə diqqəti cəlb edir?! Niyə axı bu kənddə böyüyən, Azərbaycan Respublikasının vətəndaşı olan qız uşaqları orta məktəb üzünə həsrət qalmalıdırlar? Yada salaq ki, bir neçə gün öncə qətlə yetirilməsinin 4-cü ildönümü qeyd olunan yazıçı-publisist Rafiq Tağı ilə bağlı 2006-cı ilin noyabrında bu kənddə ölüm hökmü çıxarılmışdı. Nardaran sakini, ekstremist çıxışları ilə tanınan hacı Əli Hüseynov demişdi: “Rafiq Tağının başı boynunun arxasından kəsilməldir”.

Faktiki olaraq Nardaran bu gün Azərbaycan dövlətinə qarşı çevrilmiş təzyiq aləti, sanki bir anklavdır. Bu kənd sanki Azərbaycan deyil. Ona görə də Nardaranı bu əsarətdən xilas etmək lazımdır! Çünki əsl nardaranlıların, sağlam ruhlu ziyalılar yetişdirmiş Nardaranın mövqeyi bu şəkildə ola bilməz. Dövlət Nardaranı bu xarici dini əsarətdən xilas etməlidir. Hüquq-mühafizə orqanları da Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu qəddar canilərə və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, ölkə vətəndaşlarını azğınlaşmış ekstremistlərin təhdidindən qorumaq üçün zəruri tədbirləri davam etdirməlidirlər. Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq cəhdi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.

ELSEVƏR


Müəllif: