Bu gün "Elektron Hökumət” portalı operatoru və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri arasında görüş keçirilib.
Teleqraf.com-un məlumatına görə, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə baş tutan görüşdə gömrük bəyənnamələrinin elektron təşkili məsələsi müzakirə edilib.
Belə ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkilində mühüm nüans elektron bəyənnamənin vətəndaş tərəfindən imzalanmasıdır. Bu gün gömrük sərhədlərində bu əməliyyat ənənəvi üsulla yəni mal sahibinin kağız üzərində formanı dolduraraq imzalaması ilə aparılır. Təbii ki, bu proses istər mal sahibi istərsə də səlahiyyətli şəxslərin işinin operativliyinə təsir göstərir.
Müzakirələr zamanı gömrük bəyənnaməsinin elektron doldurulması prosesində istifadəçi kimliyinin portal üzərindən FİN-ə uyğun tanınması və vətəndaşın şəxsi elektron imza kartı vasitəsilə təsdiqlənməsi şəffaflıq və istifadəçi məmnuniyyəti nöqteyi nəzərindən uyğun görülüb.
Görüş zamanı elektron bəyənnamənin mal sahibi tərəfindən e-imza vasitəsilə təsdiqlənməsi üzrə bütün təfərrüatlar müzakirə edilib, bu servisin portal üzərindən təmin olunması üçün tələb olunan texniki-proqram şərtlər səsləndirilib.
Toplantının gündəliyində dayanan digər məsələ isə Gömrük Sertifikat Xidməti Mərkəzinin akkreditə olunmasıdır. Bu məsələ ilə əlaqədar MSXM-nin müdiri ASAN imza və Mərkəzi Bankın akkreditə olunma təcrübəsi barədə məlumat vermiş, mövcud SXM-in saxlanılması ilə akkretidə olunmanın mümkünlüyü şərh edilib. Bu təcrübə informasiya təhlükəsizliyinə zəmanət verdiyi kimi həmçinin, mərkəzin yenidən qurulmasını tələb etmir.
Toplantının yekununda Gömrük Komitəsinin nümayəndəsi Gömrük SXM-nin akkreditə olunması ilə əlaqədar tələb olunan texniki detallar, həmçinin, qanunvericiliklə tələb olunan sənədlərlə bağlı ətraflı məlumatlandırılıb.