Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti (DBNX) Xidməti ötən gün mənşəyi, sağlamlığı, qida üçün yararlılığı şübhə doğuran 1 ton 200 kiloqramlıq heyvan cəsədləri aşkarlayıb.
DBNX-nin mətbuat katibi Yolçu Həsənovun sözlərinə görə, xeyli sayda heyvan cəmdəklərinin, eləcə də onların ayrı-ayrı hissələri, yük avtomaşınında antisanitariya vəziyyətində daşındığı müəyyənləşib.
Heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair sürücünün adına yazılan baytarlıq şəhadətnaməsinin kim tərəfindən verildiyini müəyyənləşdirmək mümkün olmayıb. Cəmdəklərin üzərinə vurulan möhürün ətin müayinəsi zamanı qida üçün yararlığını təsdiqləyən klemaya (möhürə) uyğunsuzluğu aşkarlanıb.
Müayinə üçün nümunələrin götürülməsi məqsədi ilə avtomaşın “Baytarlıq şəhərciyi”nə gətirilib, avtomobildəki ətdən və digər heyvan hissələrindən nümunələr götürülərək respublika baytarlıq laboratoriyasına təqdim olunub. Laboratoriya ekspertizasına və biokimyəvi müayinələrə əsasən ət məhsullarının keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız olduğu müəyyənləşdirilib və onların zərərsizləşdirilməsinə qərar verilib.
Heyvan cəmdəkləri və hissələri Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
İki ayda 6 fakt
Qeyd edək ki, son iki ayda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri qida üçün yararsız, murdar heyvan ətlərini daha çox aşkarlayırlar. Qurum bu heyvan cəsədlərinin əsasən paytaxta gətirilərkən aşkarlandığı haqqında məlumat yayır.
Yanvarın 13-də DBNX-nin əməkdaşları Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində aşkarlanan 4 tona yaxın mənşəyi məlum olmayan ət zərərsizləşdirdilər. Ondan öncə isə dekabrın 28-də Lənkəranda Osyakücə kəndinin meşə ərazisində ölmüş 3 baş heyvan cəmdəyi, yanvarın 15-də Ağcabədi rayon Aşağı Avşar kənd sakini Bakı şəhərinə satış üçün gətirdiyi sağlamlığı, mənşəyi barədə heç bir sənədi olmayan və qida üçün orqanoleptik göstəriciləri şübhə doğuran 4 baş heyvan cəmdəyi aşkar edildi.
Yanvarın 18-də Ağstafa rayonu ərazisində Gürcüstandan gətirilən 3 baş donuz cəmdəyi tapıldı.
DBNX qida üçün yararsız olan bu heyvan cəsədləri və hissələrinin məhv edilərək, torpağa basdırıldığını bildirdi.
Ancaq DBNX qida üçün yararsız və təhlükəli olan bu heyvan cəsədlərinin mənşəyi haqqında heç bir məlumat vermir.
Son vaxtlar belə faktların artmasına səbəb nədir? Bu qədər heyvan cəsədləri haradan əldə olunur? Onu da bildirək ki, qonşu ölkələrdə iri və xırdabuynuzlu heyvanlar arasında yayılan dabaq və maldili xəstəliklərinə görə Türkiyənin, İranın bir çox vilayətlərindən iribuynuzlu, Gürcüstandan isə xırdabuynuzlu diri heyvanların idxalına qadağa qoyulub.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun fikrincə, murdar heyvan ətlərinə tələbat olduğuna görə bu cür faktlar baş verir: “Tələbat olmasaydı, müştəri tapılmasaydı, bu cür iyrənc işlə məşğul olan heç bir vicdansız cəsədləri Bakıya daşımazdı. Hazırda istehlakda murdar ətin olması sirr deyil. Daxili istehsal hesabına istehlak olunan ət defisitdir, ona görə də bahadır. Hətta murdar ət istehlakını da bu siyahıya daxil etsək, ümumi istehlakın təxminən 38 faizi ödənmiş olur. Hazırda insanların alıcılıq qabiliyyəti azaldığı halda bu ətə tələbat artır”.
Bu yaxınlarda bazarlarda at ətinin satılması haqqında mətbuatda yayılan məlumatlara təkzib verilməsinə münasibət bildirən mütəxəssisin fikrincə, bəzən belə təkziblər işbazlara himayədarlıq təsəvvürü yaradır: “Ölkədə 70 min baş at, 40 min baş ulaq, 300 min baş camış var. Ümumilikdə götürəndə iribuynuzlu heyvanların sayı 2 milyon 700 min, xırdabuynuzluların sayı isə 8 milyon 500 mindir.
İl ərzində xəstələnən, şikəst olan, qocalan, ölən, çıxdaş heyvanlar da var. Sovet hökuməti dövründə həmin çıxdaş heyvanlar insan qidası üçün yox, digər sahələr üçün istifadəyə götürülürdü. Hazırda bu xəstə heyvanlar hara verilməlidir? Xəstə, murdar heyvanın alıcıları bu fürsətdən istifadə edirlər.
Xəstə heyvanı ölübsə, kəndli bunu kənar bir yerə aparıb, basdırması üçün daşınma və digər xərclər çəkməlidir. Murdar ət alıcısı isə özü gəlib bu leşləri qapılardan yığır. Onlar kənddə kimin heyvanı xəstədir, qocalıb, ölüb, qəpik-quruşa gedər bu haqda öncədən məlumat toplayırlar. Ümumiyyətlə, bu sistemdə bir murdarlıq var. Həmin işbazlar həm heyvandarlıq təsərrüfatı sahibləri, həm də iaşə obyektlərinin rəhbərlikləri ilə daim əlaqə saxlayırlar. Elə restoranlar, kafelər, dönərxanalar var, bu ətlərdən istifadə edirlər. Bəzi yerlərdə kiloqramı 4 manata satılan keyfiyyətsiz heyvan ətlərinə rast gəlinir. Kim bu gün 8 manata satacağı keyfiyyətli daha ətini 4 manata satar?"
Murdar heyvan ətini sağlamdan necə ayırmalı?
Ekspert onu da dedi ki, diqqətli və məlumatlı istehlakçı ət alarkən ətin rənginə, spesifik qoxusuna görə onun keyfiyyətini ayırd edə bilir. Bu işdən anlayışı olmayanları isə asanlıqla aldatmaq mümkündür: “Peşəkarlar heyvanın ətinə baxan kimi onun hansı məqsədlə kəsilib satıldığını bilər. Sağlam heyvanın əti yüksək və ya orta köklükdə olur. Adətən, xəstəlik zamanı heyvanlarda qızdırma yaranır. Belə heyvanların əti ilə qoca heyvanın əti qırmızılığına görə oxşardır, amma həm də ciddi fərqlənir. Bu rəng çalarlarını yalnız əyani, görüntülü izah etmək mümkündür. Ətin iç piyi sarıdırsa, bu, xəstəliyin də, qocalığın da əlaməti ola bilər.
Heyvanın kəsilmiş başına baxmaqla da onun sağlam qoca heyvan, yaxud xəstə heyvan olduğunu ayırd etmək mümkündür. Heyvanın buynuzu, baş dərisinin qatı, gözü ilə yaşını müəyyən etmək olur. Heyvanın gözləri tutulubsa, demək, lap qoca heyvandır. Xəstə heyvanın başına baxdıqda ağız ətrafında, dilində xəstəliyin əlamətləri görünür. Ət seçimində naşı insanlara xəstə, murdar ətləri asanlıqla sırımaq mümkündür".
Sevil Hilalqızı