3 Aprel 2016 18:25
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Ermənistan tərəfinin ötüngünkü təxribatının qarşısının alınması barədə danışarkən deyib. Prezident vurğulayıb ki, bunun günahkarı onlar özləridir:

“Ancaq çalışırlar ki, həm ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Eşitdiyimə görə, Ermənistan rəhbəri ictimaiyyətə itkilərlə bağlı qeyri-dəqiq məlumat ötürməyə çalışır. Bu, açıq-aydın onu göstərir ki, bunlar sadəcə olaraq öz xalqını aldatmaq istəyirlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan - diaspor təşkilatlarından, müxtəlif ölkələrdə onların agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün günahı Azərbaycanın boynuna qoysun.

Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm.

Ermənistan bütün beynəlxalq normaları pozubdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saymır. İşğal edilmiş torpaqlarda bütün binaları, tarixi, dini abidələrimizi vəhşi kimi dağıdıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş torpaqlarda iki dəfə olmuşdur. Onların məlumatları bizdə var. Bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb. Bütün qiymətli əşyalar talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!

Biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Baxmayaraq ki, biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik.

Bir daha demək istəyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq həll etmək istəyirik. Biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə olaraq görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, bunu Ermənistan tərəfi də bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim ilk növbədə erməni xalqının qənimidir. Ona görə onların gələcəyi yalnız qonşu ölkələrlə normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən söhbət gedə bilər ki, XXI əsrdə qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırımı törədəsən, sonra isə soyqırımına məruz qalan xalqı günahlandırasan ki, atəşkəsi pozur.

Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. O ki qaldı Dağlıq Qarabağda yaşayan erməni əhalisinə, onlar gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Azərbaycan bir çox ölkələr üçün nümunədir, multikulturalizm məkanıdır, tolerantlıq diyarıdır.

Bütün münaqişələr öz həllini bir prinsip əsasında tapmalıdır. Xalqların öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktı məhz bunu diktə edir. Ona görə bir daha demək istəyirəm ki, biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün – aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır”.


Müəllif:

Oxşar xəbərlər