Aprelin 2-5-də Qarabağda baş verən döyüşlər zamanı Silahlı Qüvvələrimizin əsgərləri düşmənin cavabını layiqincə verərək, bir neçə yaşayış məntəqəmizi, yüksəkliklərimizi düşmən əsarətindən azad etdi. Döyüş itkisiz olmur. Bunu hamımız dərk edirik. Bu 3 günlük döyüşlərdə də onlarla igid ərənlərimizi itirdik. Azərbaycanımın dörd bir yanından şəhidlərimiz oldu .
Hər zaman öz vətənpərvər övladları seçilən Astara da Pəncəli kimi bir igidini itirdi. Teymurov Pəncəli Nurməmməd oğlu 1981-ci ildə Astara rayonunun Əzarüd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Vətənə, elinə olan sevgisindən dolayı könüllü olaraq xidmətini Azərbaycan Silahlı Qüvvələrində kəşfiyyatçı gizir olaraq davam etdirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci ildə onu "İgidliyə görə " medalı ilə mükafatlandırıb.
Pəncəli Teymurov Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Daxilində hər zaman yurd sevgisi olan eloğlumuz hər danışığında "Vətən üçün ölməyə hər an hazıram" ifadəsini işdərdi . O içindəki bu sevgini, məğrurluğunu, qolundakı qüvvəti böyüdüyü dağlardan almışdı. Hətta 2 il bundan öncə öz toyunda çıxış edərək "Mən hər zaman xalqım üçün , vətənim üçün canımdan , qanımdan keçməyə hazıram . Mən həmişə özümə arzu eləmişəm ki , vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin" deyib. Arzusu Allah dərgahında qəbul olunaraq çin oldu şəhidimin . Doğma elinə, obasına qəhrəman şəhid kimi qayıtdı .
"Pəncəli sağlığında qəhrəman adı almışdı"
Ailəsi, dostları Pəncəli haqqında xoş və ürəkdolusu xatirələr danışırlar . Anası Vahimə xanım deyir: "Mənim balam sağlığında qəhrəman adını almışdı. Çünki, onun qəlbində, qanında qəhrəmanlıq var idi . Heç zaman məni incitməyib".
Atası da oğlu haqqında sevgiylə danışır: "Oğlumla fəxr edirəm. Həmişə "Vətən sağ olsun" deyirdi".
"Qardaşım bizim üçün əbədi olaraq qəhrəmanlıq məktəbi qoyub getdi, biz də onun davamçılarıyıq, düşmən sevinməsin, qisasımızı alacağıq onlardan". Bunu isə şəhidimizin qardaşı Famil deyir.
Dostları Pəncəlini uşaqlıqdan "Bəbir Pəncəli" deyə çağırırmışlar. Ömür-gün yoldaşı, həm də doğma xalası qızı isə heç bir söz demirdi. Eləcə susaraq, gözləri ilə danışırdı. Bircə aprelin 1-də Pəncəlinin son sms yazğını dedi. Artıq 20 gündən çoxdur ki, o sms daha yazılmır ....
Yurd, vətən sevgisi tanrının insana verdiyi ən ali sevgidir. Müqəddəs kitabımız olan "Qurani-Kərim"də şəhidlər haqqında ayə çox ibrətamizdir: "Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz".
İllər keçir, qərinələr dolanır. Hər birimizin dünyaya gəliş və dünyadan gediş tariximiz yalnız doğmalarımızdan olan bir neçəsinin yaddaşında qalır. Eləcə də zamanın axarıyla gedən tarixi hadisələr. Ancaq döyüş tarixi və şəhidlər bir neçə qərinə keçsə belə heç zaman, heç kimin, yaddaşından silinmir. Pəncəli kimi igid ərənlərimiz tarix səhifəsində qəhrəmanlıq imzası qoyub gedirlər. Elə bir tarix yazırlar ki, o tarix əsrlərlə yaddaşlardan silinmir. Pəncəli öz tarixi sözləri və qəhrəmanlığı ilə həmişə yaddaşlarda qalacaq.
Fəranə Fikrətqızı