27 Aprel 2016 11:25
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanada rejim qaydalarını pozmaqda təqsirli bilinən Bakı şəhər sakini Minas Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Minas Əliyev Nərimanov Rayon Məhkəməsində mühakimə olunub.

O, bundan əvvəl Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz soyuq silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə təqsirli bilinib.

İttihama görə, 2013-cü il iyulun 19-da, axşam saat 21 radələrində “Gənclik” metrostansiyasının yaxınlığında Minas Əliyev Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Rahib Şahbazovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vuraraq öldürüb.

Ehtiyatda olan zabit Rahib Şahbazov bir müddət Minas Əliyevin bacısı İlahə ilə görüşüb. Günlərin birində Rahib anasına həmin qızla ciddi münasibət alınmayacağını deyib və ondan İlahənin anasına zəng vurub xəbəri söyləməsini xahiş edib.

Bundan əvvəl Rahib bir dəfə evli olub. İyulun 19-da oğlunun xahişi ilə Xeyrə Şahbazova qızın anasına zəng edib və bu barədə danışıb. Qızın anası isə bunu təhqir kimi qəbul edib. O, Rahibin qızı aldatdığını və buna görə cavab verəcəyini bildirib.

Bir neçə saatdan sonra Rahiblə telefon əlaqəsi saxlayan Minas onu görüşə çağırıb və onu öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Minas Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndkirilən şəxs də, zərərçəkmiş tərəfdə apelyasiya şikayəti veriblər. Şikayəti araşdıran hakim heyəti sonda apelyasiya şikayətlərini təmin etməyib.

Bundan sonra Minas Əliyev Pentensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən cəza müəssisələrindən birinə göndərilib. O, müəssisədə rejim qaydalarını pozub.

Buna görə də Minas Əliyevin barəsində Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə əlavə cəza təyin olunub.

Minas Əliyevin barəsində başlanan cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Turqay Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakim Minas Əliyevin əvvəlki cəzasını 2013-cü ilin iyulun 19-da çəkməsini nəzərə alıb. Bu səbəbdən onun barəsində olan əvvəlki cəza hazırkı hökmlə birləşdirilib və ona qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Minas Əliyev əvvəllər oğurluq üstündə həbs olunub, lakin pul cəriməsi ilə azadlığa buraxılıb. Onun atası Vaqif Əliyev 4 iyun 1993-cü il qiyamının təşkilatçısı Surət Hüseynovun yaxın adamı və onu maliyyələşdirən şəxs olub.

Sonralar Surət Hüseynovla birlikdə həbs olunaraq 9 il azadlıqdan məhrum edilib. Lakin 3 il sonra azad olunub. Azadlığa çıxandan az müddət keçəndən sonra Vaqif Əliyev vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər