Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparır.
İmtahanda 16070 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 7651 abituriyent II qrup üzrə, 8419 abituriyent III qrup üzrə imtahan verəcəkdir.
Abituriyentlərdən 15084 nəfəri (II qrup üzrə 7142 nəfər, III qrup üzrə 7942 nəfər) Azərbaycan bölməsinin, 986 nəfəri (II qrup üzrə 509 nəfər, III qrup üzrə 477 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 6728 nəfəri (II qrup üzrə 4602 nəfər, III qrup üzrə 2126 nəfər) oğlanlar, 9342 nəfəri (II qrup üzrə 3049 nəfər, III qrup üzrə 6293 nəfər) isə qızlardır. 13336 nəfər orta ümumtəhsil məktəblərinin, 236 nəfər ali təhsil müəssisələrinin, 2498 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 47 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyent 1977-ci ildən, ən gənci isə 1997-cı ildəndir.
Bakı şəhərində 7344, Naxçıvanda 763, Gəncədə 1837, Sumqayıtda 876, Mingəçevirdə 681, Şəkidə 802, Ağcabədidə 725, Göyçayda 657, Şirvanda 541, Lənkəranda 1004, Xaçmazda isə 840 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 117 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1366 nəzarətçi-müəllim cəlb olunacaqdır.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.