“Tale elə gətirib ki, biz indi Azərbaycana qonaq kimi gəlirik. Hər dəfə Azərbaycana getmək, hansısa beynəxalq tədbirdə iştirak etmək imkanı yarananda çox sevinirik . Dünya Azərbaycanlılarının qurultaylarında iştirak etmək isə bizim üçün həqiqətən də şərəf məsələsidir. Bu dəfə də Bakıya eyni həvəs və eyni hisslərlə gəlmişdik. Çünki tarixi bir hadisənin – Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndəsiydik”.
Bunu “Azərfaks”a açıqlamasında Ukraynadakı azərbaycanlıların əsas güc mərkəzi olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin birinci müavini Murad Cəfərov Dünya Azərbaycanlılarının IV Qurultayı və onun müəyyən etdiyi yeni vəzifələr barədə danışarkən deyib.
Artıq Ukraynaya qayıtdıqlarını deyən M.Cəfərov dünya azərbaycanlılarını bir araya gətirən qurultayların onların həyatında oynadığı roldan danışıb: “Bilirsiniz, hər bir görülən iş o zaman effekt verir ki, bütün addımlar sistemləşdirilir və vahid bir proqrama söykənir. Yəni bilirsən ki, haradan hara və necə gedəcəksən, məqsədin nədir, missiyanı yerinə yetirmək üçün hansı vasitələrdən daha çox istifadə edəcəksən. Bütün bunlar sənin üçün aydın olanda, hədəfə çatmaq çox asan olur. Bu baxımdan, Dünya Azərbyacanlılarının qurultayı qeyd etdiyim məsələlərin müzakirə olunması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Məhz bu qurultaylarda diasporun fəaliyyət trayektoriyası cızılır, diaspor nümayəndələri qarşısında konkret vəzifələr qoyulur və dövlətin maraq dairəsinin xəritəsi açılır. IV Qurultay da yeni vəzifələrin və hədəflərin müəyyən edilməsi baxımından kifayət qədər məhsuldar oldu. Bu qurultay özündən əvvəlkilərlə müqayisədə daha çox iştirakçını əhatə etmişdi ki, bu da dövlət maraqlarının keşiyində dayanan, xalqımızın zəngin tarixi irsi, mədəniyyəti və adət-ənənələrinin təbligatı ilə məşğul olan, Azərbaycana xidmət edən və ya etmək istəyən insanların sayının durmadan artığının göstəricisi idi”.
M.Cəfərov Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən də danışıb və IV Qurultayda müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi xüsusunda bundan sonra da fərqlənməyə çalışacaqlarını deyib: “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəaliyyəti birmənalı şəkildə Azərbaycanın dövlət siyasətindən qaynaqlanır. Hansısa problemlər yarananda çalışırıq ki, kənarda qalmadan mövqeyimizi ifadə edək. Azərbaycanın maraqlarını, dövlət siyasətini hər zaman müdafiə etməyə hazırıq, müdafiə edirik və bundan sonra da edəcəyik. Bilirsiniz ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəaliyyəti çoxşaxəlidir. Çalışırıq ki, dövlətimizi, xalqımızı burada layiqincə təmsil edək. Gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər və qarşıdakı layihələrimiz barədə ölkə ictimaiyyətinə ətraflı məlumat verilib. Bilirsiniz ki, sədrimiz Hikmət Cavadov qurultayın keçirildiyi günlər ərzində ölkə telekanalllarına və informasiya egentliklərinə verdiyi müsahibələrdə Ukrayna Azərbaycanlıları Birləşmiş Daisporunun fəaliyyəti barədə əhatəli müsahibələr verib. Düşünürəm ki, Azərbaycan dövləti və xalqı bizim Ukraynada gördüyümüz işlər barədə kifayət qədər məlumatlıdır. Elə buna görədir ki, sədrimiz Hikmət Cavadov və təşkilatımızın digər üç üzvü dövlət mükafatına – “Tərəqqi” medalına layiq görüldülər. Bu bizim fəaliyyətimizə göstərilən diqqətdir. Təbiidir ki, dövlətin bu diqqəti və qiyməti məsuliyyətimizi daha da artırır və bizi daha böyük ruhla işləməyə həvəsləndirir”.
M.Cəfərov qeyd edib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bu ölkədə yaşayan hər bir azərbaycanlı üçün doğma ocaqdır, vətənimizin bir parçasıdır: “Bizim Kiyevdəki ofisimiz Ukraynadakı azərbaycanlılarının xidmətindədir. Biz çalışırıq ki, soydaşlarımızın bir-biri ilə əlaqəsini yaradaq, işimizi koordinasiya edək, problemlərin həllində birgə iştirak edək. Bu günə qədər məhz bu prinsiplərlə işləmişik və bundan sonra da belə olacaq. Artıq qarşımızda yeni vəzifələr də var. Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan hər bir azərbaycanlı üçün aydın fəaliyyət konspesiyası təqdim etdi və biz də bundan sonralı fəaliyyətimizi məhz sonuncu qurultayın müəyyən etdiyi istiqamətlər üzrə quracağıq. Hamımız bilirik ki, Qarabağ problemi ətrafında olduqca həssas proseslər cərəyan etməkdədir. Bu il aprel ayının əvvəlində Azərbaycan Ordusunun ermənilərə verdiyi dərsdən sonra düşmənlərimiz öz təxribatlarını daha da artırıb. İndi bizim qarşımızda duran vəzifələrdən biri də informasiya savaşında da tam üstünlük əldə etməkdir. İnanıram ki, biz bu istiqamətdə də uğur əldə edib, dövlətimizin gözləntilərini reallışdıracağıq. Dövlət bizə - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna güvənə bilər. Biz inanırıq ki, birgə fəaliyyətimiz nəticəsində daha böyük uğurlar əldə edə bilərik. Ona da inanırıq ki, bir gün Azərbaycan Prezidenti dünya azərbaycanlılarına Şuşadan müraciət edəcək ”.