Ermənistanın paytaxtı İrəvanda İkinci dünya müharibəsi dövründə III Reyxlə əməkdaşlıq etmiş Qaregin Njdeyə böyük bir heykəl qoyulub.
Mayın 28-də heykəlin təntənəli açılış mərasimi keçirilib və açılışda prezident Serj Sərkisyan başda olmaqla digər rəsmi şəxslər iştirak edib.
Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nasizmlə əməkdaşlıq etmiş bir insana heykəl qoyulmasının anlaşılmaz olduğunu bildirib.
Ermənistanda xanım Zaxarovanın açıqlamasına kəskin tənqidi münasibət bildirilib. Parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib: “Qaregin Njdenin İrəvanda abidəsi ona görə qoyulub ki, o, həqiqətən erməni xalqının milli qəhrəmanıdır. Aleksandr Nevski, Alekandr Suvarov, marşal Kutuzov, Baqration qardaş rus xalqının milli qəhrəmanı olduğu kimi, Njde də erməni xalqının milli qəhrəmanıdır”.
Hakim Respublika Partiyasından olan deputat Marqarita Yesayan isə M.Zaxarovanın açıqlamasına daha sərt reaksiya verib. O bildirib ki, Ermənistanın özünün qəhrəmanları, tarixi var və kimin abidəsini harada və nə zaman qoymaq Ermənistan Respublikasının öz işidir: “İstənilən məmur tərəfindən verilən istənilən açıqlama qəbuledilməzdir. Qoy özlərinə, öz abidə və tarixlərinə baxsınlar. Öz tariximizin sahibi yalnız biz özümüzük”.
Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, Q.Njdeyə İrəvanda abidə qoyulması erməni dövlətinin xarakterini və mahiyyətini göstərir.
O qeyd edib ki, tarixi sənədlər, faktlar, həm Q.Njdenin, həm də “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın İkinci dünya müharibəsi dövründə xüsusi missiya ilə Berlinə getdiklərini, Adolf Hitlerlə görüşdüklərini və erməni əsirləri bir yerə toplayaraq onlardan SSRİ-yə qarşı vuruşan diviziya yaratdıqlarını sübut edib: “Biri var SSRİ-yə qarşı vuruşmaq niyyətində olasan, bir də var vuruşasan. Əgər bu gün Rusiya Xarici İşlər Nazirliyi bunu anlamırsa, hesab edirəm ki, onlar çox şeyi anlamırlar. Əslində, Ermənistan Rusiyanın forpostudursa, gərək, Rusiya özü-özünə hörmət etsin və ermənilərə bu cür addım atmağa icazə verməsin. Bu mənada onların “bunu anlamırıq” fikri çox yüngül bir fikirdir və ermənilərin bütün hərəkətlərinə göz yummaqdır. O ki qaldı, Qaregin Njdeyə heykəl qoyulmasına, Andranik Ozanyan Njdedən betər faşist, başkəsən olub.
Orda Andranikin də heykəli var. Yəni, İrəvanda, Ermənistanda bir normal adamın heykəli var?! Onlar hamısı faşistlər, daşnaklar, qatillərdir. Bu mənada hesab edirəm ki, bu, Ermənistan dövlətinin yürütdüyü siyasətin xarakterindən irəli gələn bir məsələdir. Bizim yalnız bir yolumuz var; İrəvana gedəndən sonra o heykəllərin hamısını məhv etmək”.
M.Quliyev bu faktın Rusiya-Ermənistan münasibətlərinə təsir göstərməyəcəyi fikrindədir: “Rusiya-Ermənistan münasibəti yoxdur. Pişiklə-siçanın münasibəti var. Lazım olanda sığallayır, lazım olanda başına qapaz vurur. Rusiya ilə Ermənistanın nə münasibəti olacaq ki?! Əgər bir dövlətin prezidenti “biz Rusiyanın forpostuyuq” deyirsə, daha burda başqa hansı münasibət ola bilər?! Sadəcə Rusiyanın Ermənistanla bağlı xüsusi maraqları var. O maraqları həyata keçirmək üçün Ermənistandan alət kimi istifadə olunur. Ümumiyyətlə, Ermənistan alət kimi yaradılmış bir dövlət qurumudur. O alətin nə vaxt istifadə olunub atılacağını zaman özü göstərəcək”.
Qeyd edək ki, BMT Baş Assambleyası 17 dekabr 2015-ci ildə Rusiyanın təşəbbüsü ilə Ermənistanın da lehinə səs verdiyi “Nazismin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı A/RES/70/139 nömrəli qətnamə qəbul edib. İndi isə lehinə səs verdiyi qətnamənin əleyhinə hərəkət edir. M.Quliyev isə bununla bağlı olaraq deyib ki, Ermənistan hər zaman bir söz deyib, sonra başqa hərəkət edib: “BMT üzvləri, gərək, özləri qəbul etdikləri sənədlərə hörmət etsinlər. Azərbaycan torpaqlarının işğalı ilə bağlı Baş Assambleyasında 4 qətnamə qəbul edilib, indi o sənədər arxivlərdə toz basmış vəziyyətdədir. Başqa bir sıra sənədlər də eyni vəziyətdədir. Ümumiyyətlə, bu cür hərəkətlər BMT-ni hörmətdən salır və fəaliyyətsiz bir quruma çevirir.
Belə hallar olanda heç olmasa, BMT-dəki müvafiq səlahiyyətli insanlar buna etirazlarını bildirsinlər. Formal da olsa, bir məktub göndərsinlər. Bunun qəbulediməz sayıldığını bildirsinlər və sair. Hesab edirəm ki, biz də Qaregen Njdeyə, yaxud başqa birinə Ermənistanda heykəl qoyulmasına çox ciddi, emosional reaksiya verməli deyilik. İnşallah, İrəvana qayıtdıqdan sonra bizim vaxtımız olacaq ki, onların hamısı silib-süpürüb ataq”.
Deputat beynəlxalq ictimaiyyətin olaya reaksiya verəcəyini gözləmədiyini də vurğulayıb.
Səxavət HƏMİD