Kanadanın paytaxtı Ottava şəhərinin Minto Parkında Azərbaycanın Kanadadakı səfirliyinin və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşəbbüsü ilə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmək üçün mərasim təşkil edilib.
Azərbaycanın Kanadadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə Ottava və Toronto şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak ediblər. “Qarabağ” məktəbinin şagirdlərinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Mübariz İbrahimovun nümayiş etdirdiyi qəhrəmanlıq və cəsurluğun xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib. Ramil Hüseynli vurğulayıb ki, Mübariz təkcə Azərbaycan deyil, bütün dünya türkləri üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Müvəqqəti işlər vəkili Mübarizin haqsızlığa, zülmə, torpaqlarımızın işğalına dözə bilmədiyinə görə təkbaşına düşmən ordusu üzərinə hücum etdiyini, yüzdən artıq düşmən əsgərini məhv etdiyini və sona qədər savaşaraq, 22 yaşında şəhidlik zirvəsinə yüksəldiyini söyləyib.
Çıxışının sonunda Ramil Hüseynli Mübariz İbrahimovun ata- anası üçün geridə buraxdığı qısa məktubu da toplaşanların diqqətinə çatdırıb.
“Qarabağ” məktəbinin direktoru Vüsalə Əhmədova Mübariz İbrahimovun həyatı barədə mərasim iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbirin sonunda Mübariz İbrahimov başda olmaqla bütün şəhidlərimizin xatirəsini daim yaşatmağın hər biri azərbaycanlının borcu olduğu barədə fikir mübadiləsi aparılıb.
Qonaqlara və parkda istirahət edənlərə Mübariz İbrahimovun həyatı haqqında broşürlər paylanılıb.
Səxavət