Milli Məclisin komitə sədri Hadi Rəcəbli Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq görüşünün nəticələrini şərh edib.
Teleqraf.com xəbərinə görə, komitə sədri hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yaşanan məlum hadisələrin bu cür inkişafı, yəni, nəhayət, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən qəbul edilməsi, Ermənistanın işğalçılıq siyasətinin və qeyri-konstruktiv mövqeyinin ifşa olunması Azərbaycan prezidentinin xidmətlərinin nəticəsidir.
H. Rəcəblinin sözlərinə görə, çox təəssüflər olsun ki, bəlli səbəblər üzündən Qarabağ məsələsinin çözümü ilə bağlı danışıqlar prosesi neçə vaxtdır uzana-uzana gedirdi: "Ancaq məlum aprel hadisələri, Azərbaycan dövlətinin və ordusunun qətiyyəti, əzmkarlığı, eyni zamanda, ölkə rəhbərinin dünyada olan çəkisi, nüfuzu sonda gətirib ona çıxardı ki, yenə də masa arxasına keçildi, təcavüzkar dövlət danışıqlar yolundan savayı onlar üçün başqa yol qalmadığını anlamağa başladı. Burada bir sevindici hal da var ki, məhz Rusiya prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə Sankt-Peterburqda belə bir görüş baş tutdu. Son görüşün gedişatı eyni zamanda onu göstərdi ki, bu görüş əvvəlki yanaşmaya oxşamadı, bir az fərqli oldu. Bu da bizə ümid və deməyə əsas verir ki, ölkə prezidentləri - həm Vladimir Putin, həm də digər həmsədr dövlətlərin rəhbərləri bu məsələnin - Qarabağ münaqişəsinin bütövlükdə müsbət həllinin tərəfdarıdırlar. Yəni, bu baxımdan da, onlar münaqişənin sülh yolu ilə ədalətli həlli istiqamətində nəhayət, arzu olunan ciddi səylərini göstərirlər, davam etdirirlər”.
Cavad