“Ötən dövr ərzində Milli Məclisin hərbi qanunvericiliyin yeniləşdirilməsi istiqamətində işləri yetərincə çox olub. Vaxtilə Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina, eləcə də hərbi sahəyə aid bir sıra vacib sənədlər qəbul edilib. Bununla belə, hərbi qanunvericilik işi daim yeniləşməlidir. Bu yöndə də mütəmadi olaraq işlər davam edir, zərurət yarandıqca müvafiq qanunlara dəyişikliklər edilir. Bu gün də xeyli tədbirlər var ki, parlamentin müvafiq şöbələri Müdafiə Nazirliyi ilə işləyir. Əksər qanunvericilik aktları təftiş edilib, beynəlxalq təcrübə öyrənilib. Eləcə də, Hərbi Məcəllənin hazırlanması və müxtəlif yeni qanun layihələri ilə bağlı tədbirlər var. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.
O, əlavə edib ki, artıq Azərbaycan Ordusunda müqavilə əsasında xidmət etmək istəyən insanların da sayı artır: “Bu amil ordumuzun tam peşəkarlardan formalaşdırılması və modernləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu proses bütün qoşun növləri üzrə gedir. 4 günlük aprel döyüşlərindən sonra dövlətin çağırışları əsasında on minlərlə insan müqaviləli xidmətlə bağlı müraciət edib. Bu çox yaxşı haldır və gələcəkdə də öz müsbət nəticələrini daha aydın şəkildə göstərəcək”.
Cavad