28 İyun 2016 15:14
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi Türkiyənin iqtisadiyyatına, inkişafına çox böyük zərbə vurdu. Bu, siyasətdir, gərək addım atanda sonunu da fikirləşəsən, hansı cavablar veriləcəyini, nə nəticələr doğuracağını biləsən. Hər halda bu məsələ artıq aradan götürülür. Bildiyimə görə, bununla bağlı tərəflər arasında ciddi diplomatik danışıqlar aparılırdı. Nəhayət ki, çıxış yolu tapıldı”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Rasim Ağayev deyib.

R.Ağayev qeyd edib ki, çıxış yolu tapmaq o qədər də çətin məsələ deyil: “Çünki bu siyasətdir, söhbət Ərdoğanın taleyindən getmir. Ərdoğan kimi xadimlər Türkiyənin tarixində yüzlərlə olub. Amma Türkiyə vahiddir. Ortada Türkiyənin maraqları, onun gələcəyi var. Özü də indi elə bir məqamdır ki...

Biz həm Avropa, həm də dünya panaromasına göz gəzdirsək, görəcəyik ki, hazırda dünya dəyişikliklər ərəfəsindədir. Bu dönəmdə kimin qalacağı, kimin gedəcəyi bilinmir. Gərək hər kəs özünü qorusun. Biz çox böyük siyasi uçurumların qarşısındayıq. Bu nöqteyi-nəzərdən, yaxşı ki, Türkiyə və Rusiya hansısa qərarlar tapdılar. İndi də deyirlər ki, bəs, Ərdoğan üzr istəməyib... Onun dəxli yoxdur. Faktiki olaraq ortada üzrxahlıq var və gələcək əməkdaşlıq üçün zəmin yaradıldı”.

Müsahibimiz bildirib ki, Rusiya-Türkiyə yaxınlaşması müxtəlif ölkələri, ilk növbədə ABŞ-ı narahat edəcək: “Türkiyə NATO-nun üzvüdür. Mənə elə gəlir ki, Türkiyə ilə Rusiya arasında yeni əməkdaşlıq əlaqələri qurulsa, bu, həm hər iki ölkənin xeyrinə olar, həm də yaranmış müxtəlif problemləri aradan götürmək olar. Bu problemlər də Avropada və Avrasiyada əməkdaşlıq ruhuna, əməkdaşlıq istiqamətinə ciddi təkan verir. Hazırda Avropa ümumiyyətlə, uçurum vəziyyətindədir. Rusiyanın da vəziyyəti gərginləşib. Avropanın müxtəlif ölkələri də faktiki olaraq çox ciddi böhran vəziyyətindədir.

Bu məqamda Amerika deyir ki, gəlin Rusiya ilə dava edək, ona kömək etməyək. Bu nə deməkdir? Bu o deməkdir ki, faktiki olaraq həm Rusiya, həm də Avropa İttifaqı ölkələri zəifləyəcək. Amerika da dünyada cövlan edəcək. Söhbət bundan gedir. Bunu da hamı yaxşı başa düşür. Ona görə də əgər Türkiyə ilə Rusiya arasında əməkdaşlıq yaransa bu, gərginliyi aradan götürmək üçün çalışan qüvvələrin mövqeyini zəiflədəcək”.

Bəs, Türkiyə-Rusiya yaxınlaşması Ermənistan və Azərbaycan üçün nə vəd edir?

Bu istiqamətdə də sualımızı cavablandıran R.Ağayev ermənilərin hər zaman öz məqsədlərini güddüyünü vurğulayıb: “Ermənilər istərdilər ki, ara qarışsın, məzhəb itsin, bunlar da nəsə qazansınlar. Qazana da bilərlər. Ancaq onlar bunu düşmürlər ki, bu saat nə Rusiya, nə də Avropa ermənilərin hayında deyillər. Onlar öz haylarındadır. Beynəlxalq cəmiyyətin qarşısına elə məsələlər, elə problemlər ortaya çıxıb ki... Bir yandan da ermənilər gəlib deyirlər ki, mənim də burda marağım var. Bəlkə siz dava edəsiz, mən bir az ərazi-zad qazandım. Absurd bir siyasətdir. Ona görə də ümumiyyətlə, ermənilərin xeyrinə deyil. Ona görə yox ki, kimsə ermənilərdən narazıdır və onların xətrini istəmir.

Ona görə ki, ümumi siyasi tendensiya bu saat xalqlar, ölkələr üçün əməkdaşlıq həyata keçirilməsini tələb edir. Bu əməkdaşlıqları da İtaliya, Fransa, Almaniya və digər ölkələr Rusiya bazarlarında görürlər. Təsadüfi deyil ki, Ərdoğan da bunu başa düşüb. Başa düşür ki, Rusiya bazarının imkanları ilə o, öz ölkəsinin ictimai-iqtisadi vəziyyətini düzəldə bilər. Söhbət bundan gedir. Bu məqamda da ermənilər gəlib deyirlər ki, siz bizə görə onlarla dostluq etməyin. Bunu heç kim başa düşməyəcək. Lap 100 gün çığırıb bağırsınlar. Söhbət ondan gedir ki, bu tendensiya obyektiv səbəblərə görə yaranıb və inkişaf edir. Ərdoğanın və digər siyasi liderlərin məqsədi ondan ibarətdir ki, bu vəziyyətdən istifadə edib geniş böhranı aradan götürsünlər.

Ermənilər isə böhran istəyən qüvvə kimi çıxış edirlər. Faktiki olaraq onlar əl-ayağa dolaşırlar ki, arada qanqaraçılıq olsun, müharibə yaransın. Bunu da hamı yaxşı başa düşür. Yaxşıdır ki, erməni siyasi liderləri Türkiyə-Rusiya yaxınlaşmasının onlar üçün təhlükə doğurduğuna dair fikirlərini açıq-aşkar bildirirlər. Bu da onu göstərir ki, dünya ictimaiyyəti kimin əməkdaşlıq, inkişaf, beynəlxalq vəziyyətin yaxşılaşmasını, kimin isə dava-şava istədiyini açıq-aşkar görür”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər