Ötən ayın 26-da Vahid Azərbaycan Partiyasının qurultayı keçirildi. Ali tədbirdə təşkilatın adı Ağ Partiya olaraq dəyişdirildi, Tural Abbaslı sədr seçildi.
Müşahidələr göstərdi ki, Müsavat Partiyasından heç kim bu qurultaya qatılmayıb. Bu isə T.Abbaslının zamanında Müsavatın aktiv üzvlərindən biri olması, Müsavat rəhbərliyini uzun aylar tənqid etməsi fonunda xüsusi maraq doğurur.
Ağ Partiyanın sədri Tural Abbaslı Müsavat rəhbərliyinin qurultaya dəvət edilib-edilməməsi, edilibsə, nədən iştirak etməmələri haqda fikirlərini Teleqraf.com-a açıqlayıb: “Müsavat Partiyasının başqanı Arif Hacılı, eləcə də İsa Qəmbər və Tofiq Yaqublunu qurultaya dəvət etmişdik. Daha niyə gəlmədilər, gəlməməyə səbəb nə oldu kimi məsələlər bizim üçün əhəmiyyətli və maraqlı deyil. Özləri bilər. Biz dəvətimizi göndərmişdik”.
T.Abbaslı daha sonra qeyd edib ki, Ağ Partiya hesab edir ki, Müsavat Partiyası başda olmaqla heç bir siyasi qurumla problemi, şəxsi qərəzi yoxdur: “Bundan sonra da heç kimlə düşmənçilik və qərəz aparmaq fikrimiz yoxdur. Çalışırıq ki, bütün siyasi qüvvələrlə münasibətimiz normal və faydalı olsun. Amma bu münasibətlərin yaxşı olmadığını kimsə istəyəcəksə, bu, bizim məsələmiz olmayacaq. Yəni münasibətlər məsələsi daha çox qarşı tərəfdən asılı olacaq”.
Partiya sədri bildirib ki, ölkədəki siyasi qüvvələrin onlara və keçirdikləri qurultaya münasibəti qanedici olub:
“Biz dəvət etdiyimiz siyasətçilərin əksəriyyəti qurultaya qatıldı. İştirak edə bilməyənlər mesajlar və sosial şəbəkələr vasitəsilə bizi təbrik etdilər. Yeni yaranan qüvvə üçün kifayət qədər yaxşı dəstək olub”.
Nemət