Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Rusiya və Amerika prezidentlərinin telefon danışıqlarını və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmələrini şərh edib.
Teleqraf.com xəbər verir ki, partiya sədri bildirib ki, dünyanın iki vacib dövlətinin başçısının telefon söhbəti əsasən Suriya, Ukrayna və Qarabağ problemi ətrafında olub: “Bağlantı təşəbbüsü Rusiyadan gəldiyi üçün aydın olur ki, hər 3 məsələ Rusiya siyasi çevrələrinin maraq əhatəsidir. Dünyanın supergücü ilə müzakirədə Kreml rəhbəri çox güman ki, siyasi bazarlaşma aparıb.
Çünki iqtisadi baxımdan ciddi problemlərlə üzləşən Rusiya hakimiyyətinin müttəfiqi Bəşər Əsəd Suriyanın Aleppo və Rakka şəhərlərində irəliləyə bilmir. Böyük maddi məsrəf tələb edən Suriya müharibəsi son 2 ayda “ölü” nöqtədən tərpənmir. Qərbin “Əsədi təhvil ver” istəyi də icraya mümkün görünür. Düşünürəm, Suriyadakı rus hərbi bazaları məsələsi həll edilsə, Əsəd hakimiyyətinə sayılı müddət qalıb.
Ukrayna cəbhəsində də fəalaşma başlayıb. Dünyanın prinsipial təpkisini duyan Rusiya son dövrlər Krımdan kənar torpaqları geri qaytarmağa həvəsli görünür. Kremldən mətbuata verilən mesajlar deyilənin aşkar təsdiqidir. Qərb də Ukraynanı “götürməkdə” israrlıdır. Beləliklə, Suriyada olduğu kimi Ukraynada da “xırda” şərtlərlə Rusiya güzəşt edə bilər.
Bizi 3-cü məsələ- Dağlıq Qarabağ müharibəsi maraqlandırır. Lakin ilk iki məsələ ətrafında Rusiyanın mümkün güzəşti fonunda, Qarabağ məsələsində Rusiya və ABŞ-ın nə düşündüyünü proqnoz etmək olmur. Cənubi Qafqaz Rusiya üçün birinci dərəcəli prioritet bölgəyə çevrilib. NATO ilə sərhəddə sıxışdırlan, Gürcüstanın Avro-Atlantik təşkilata üzvlük perspektivinin aktuallığı şəraitində Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün ABŞ-dan üçüncü məsələdə dominantlıq istəyi məntiqli görünür. Əgər Obama Ukrayna və Suriyada istədiyinə nail olsa, ortada bizim problem qalacaq. Bu isə təhlükəli reallıqdır”.
Cavad