Son vaxtlar Avropa ölkələrində güclü terror hadisələri törədilir. Fransa və Belçikanın ardınca indi də Almaniya hədəf seçilib. Bu terror aktlarının əksəriyyəti ilə bağlı məsuliyyəti İŞİD silahlı qruplaşması öz üzərinə götürür.
Teraktları həyata keçirənlər də Avropaya miqrasiya etmiş ərəb mənşəli insanlar olur. Halbuki, 2010-cu ilədək, yəni “ərəb baharı” başlayanadək nə İŞİD vardı, nə də Avropaya bu qədər miqrant axını baş verməmişdi. Bu baxımdan Avropa ölkələrində baş verən son terror olayları “ərəb baharı”nın bilavasitə nəticəsi deyilmi?
Politoloq Qabil Hüseynli Teleqraf.com-a açıqlamasında bildirib ki, “ərəb baharı” bu gün Avropa ölkələrində terror hadisələrini körükləyən səbəblərdən birincisidir.
Onun sözlərinə görə törədilən terror hadisələrinin böyük əksəriyyətini İŞİD öz üzərinə götürür: “İŞİD-i idarə edənlərin də böyük əksəriyyəti Səddam Hüseynin generallarıdır. Bu gün İŞİD-in həm regiondakı hərbi əməliyyat planlarını, həm də xaricdəki terror fəaliyyətlərini planlaşdıran, yönləndirən həmin generallardır. Demək, “ərəb baharı” ərəb ölkələrinə sülh və demokratiya gətirmədi, əksinə terrorizm üçün şərait yaratdı. Köhnə totalitar rejimin qalıqları isə gah öz ölkələrində, gah da başqa ölkələrdə terror hadisələri törətməklə bir növ Səddam Hüseyn üçün, Qəzzafi üçün nostalgiya hissi yaradırlar.
Bu hadisələrdən sonra Avropaya axın edən miqrantların tərkibində xeyli terrorçu qruplaşmalar var və onların ruh halı terror aktlarına təsir edən amillərdəndir. Təkcə ərəb ölkələrindən deyil, Əfqanıstandan, Banqladeşdən, Afrika ölkələrindən gələnlər də var. Son vaxtlar bir neçə əfqan bu terror hadisələrində “məşhurlaşdı”. Əfqanıstanda bu gün insanlar yeraltı qazma evlərdə yaşayırlar. Onlar gəlib bu gün Avropanın yüksək rifah halını görəndə qəzəblənirlər.
Onlarda ruhi-psixoloji dəyişiklik əmələ gəlir. Özü də onlar ac qalmır, müavinət alır, rezervasiyalarda yerləşdirilirlər. Bütün bunlara baxmayaraq köhnə həyatından qaçıb yeni həyatındakı bu üstünlüklərə alışa bilməyən insanların özü təkbaşına terrorçu olur, bəziləri isə böyük dövlətlər tərəfindən istiqamətləndirilirlər. Etiraf etmək lazımdır ki, bu gün yüksək rifah içində yaşayan ərəb ölkələri də terrora dəstək verirlər. Bu sırada Səudiyyə Ərəbistanının, Qətərin adını çəkmək olar. Yəni, ərəb faktoru hazırda Avropada törədilən terror aktlarında çox mühüm rol oynayır”.
Q.Hüseynli qeyd edib ki, ərəblərin Fransada və bir sıra ölkələrdə sıx məskunlaşması da terror üçün əlverişli şərait yaradır.
Müsahibimiz qeyd edib ki, bununla belə terrora sevinənlər də var: “Ən azı onu istiqamətləndirirlər. Bu barədə bir söz söyləmək çətindir. Hər halda Avropanın zəifləməsini və Avropa İttifaqının dağılmasını istəyən böyük dövlətlərdən biri də Rusiyadır. Məsələn, Böyük Britaniya Avropa İttifaqından çıxanda Rusiya qəzetləri bunu Londonun zəfəri kimi təqdim elədi və bu ölkəni perspektivdə çiçəklənmənin gözlədiyini vurğuladılar. Halbuki, bu, Böyük Britaniya üçün problemlər və dağıntılar dövrünün başlanğıcı ola bilər. Açıq demək lazımdır ki, İŞİD sıralarında Rusiyadan getmiş xeyli insanlar var. Şimali Qafqazdakı hadisələrdən sonra çoxlu sayda insan Suriyaya və İraqa gedərək İŞİD-ə qoşulub. Oradan da Avropaya axışıblar və potensial olaraq terrorçuya çevrilirlər. Bütün bunlar Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” əsərində göstərdiyi sivilizasiyaların toqquşa biləcəyi nəzəriyyəsinə uyğun gəlir”.
Səxavət HƏMİD