10 Avqust 2016 11:20
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir. Əvvəla qeyd edim ki, bu görüş regionun aparıcı dövlətlərindən biri olan Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezident İlham Əliyev bu görüşü tarixi hadisə kimi səciyyələndirdi. Doğrudan da, son 200 illik bir dövrdə üç ölkənin dövlət başçılarının iştirakı ilə belə bir görüş keçirilməyib. Görüşün tarixiliyini şərtləndirən səbəblər onun formatı ilə yanaşı, həm də müzakirə olunan məsələlərin məzmunu ilə bağlı idi. Bu görüş, əslində, hər üç ölkənin və bütövlükdə, regionun iqtisadi, siyasi, mədəni və humanitar həyatında yeni bir mərhələnin başlanğıcının əsaslarını qoydu. Bu həmçinin region dövlətlərinin Avrasiya məkanında təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni bir müzakirə platforması yaratdı”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.

Babaoğlu deyib ki, müasir mərhələdə beynəlxalq münasibətlər sistemində hər bir milli dövlətin təhlükəsizliyi olduqca vacib məsələlərdən biridir: “Çünki dövlətlərin təhlükəsizliyi müasir beynəlxalq münasibətlərə, ölkələrarası əlaqələrə ciddi təsir edən bir amildir. Təhlükəsizliyin təmin olunmaması terror hadisələrinə və digər təhdidlərə səbəb ola bilər. Üçtərəfli zirvə görüşündən bir gün öncə Rusiya prezidenti Vladimir Putin qeyd etdi ki, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də biz iqtisadiyyatdan və humanitar əlaqələrdən başlamış, təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərinə qədər ən müxtəlif sahələrdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə etmək üçün ilk dəfə üç dövlət başçısı səviyyəsində Bakıda toplaşacağıq. Görüş çərçivəsində təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu və hesab edirəm ki, bu istiqamətdə səmərəli fikir mübadiləsi aparıldı.

Doğrudan da, bu gün terrorizmə və digər təhdidlərə qarşı ciddi mübarizə mexanizminin formalaşdırılması olduqca aktualdır. Terrordan uzun müddət əziyyət çəkən, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycan da təhlükəsizlik məsələsinə çox ciddi diqqət yetirir, bu istiqamətdə sistemli və ardıcıl işlər görür. Azərbaycan, eyni zamanda, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli mövqe sərgiləyir. Bütün bunlar İran və Rusiyanın gözü qarşısında baş verir. Aprel hadisələrindən sonra yaranmış yeni şərait çərçivəsində belə bir görüşün keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi ilə bağlı müstəsna əhəmiyyət kəsb edir”.

Deputat qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi həm Şərq-Qərb, həm də “Şimal-Cənub” dəhlizi üçün olduqca münasib bir koridordur: “Şərq-Qərb dəhlizi istiqamətində reallaşdırılan layihələr artıq yekunlaşmaq üzrədir: Bakı-Tbilisi-Qars dəmir yolu və oradan Avropaya uzanan Böyük İpək Yolu həlqəsi bitmək üzrədir ki, bu da Azərbaycana böyük dividendlər gətirəcək. Eyni zamanda, buna paralel olaraq başqa bir tranzit məkanı – kommunikasiya yolu var ki, bu da dünya iqtisadiyyatına əhəmiyyətli dividendlər gətirə bilər. Bu, “Şimal-Cənub” dəhlizi kimi xarakterizə olunan yeni dəhlizdir. Bu dəhliz Norveçdən başlayaraq Hindistana, oradan isə Cənubi-Şərqi Asiya və Latın Amerikası ölkələrinə qədər böyük bir iqtisadi-siyasi coğrafiyanı əhatə edir.

Burada əsas olan məqam böyük miqdarda və intensiv yükdaşımaların həyata keçirilməsinin mümkün olmasıdır. Bu, bütövlükdə, həm rentabelli kommunikasiya vasitəsidir, həm də əhəmiyyətli təhlükəsizlik kəməridir. Süveyş kanalı və onun ətrafında yükdaşınmaları üçün müəyyən problemlər yarandığı üçün yeni və daha təhlükəsiz bir marşrutun yaradılması həm Rusiya, həm İran, həm də Azərbaycanın mənafeyinə uyğundur, eyni zamanda, bu kommunikasiya xəttinin əhatə etdiyi ölkələr üçün də cəlbedici layihədir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər