13 Avqust 2016 16:36
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müxalifətin referendum öncəsi bir araya gəlməsi, əslində zəruri idi. Amma bu imkan və prosedur qaçırılıb. Söhbət təşəbbüs qrupunun yaradılması, qeydiyyatdan keçirilməsi, fəaliyyətinin hazırlanması vaxtının əldən verilməsindən gedir”.

Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu deyib.

O, hesab edir ki, bundan sonra müxalifətin bir araya gəlməsi, referendumla bağlı ortaya ciddi iş qoyması mümkün deyil: “Odur ki, bundan sonra müxalifət partiyalarının hər biri ayrı-ayrılıqda, özlərinin qəbul etdiyi qərara uyğun fəaliyyət göstərə biləcək. Referendumdan sonra isə müxtəlif fəaliyyət göstərən qüvvələrin əldə etdiyi nəticələri ümumiləşdirmək mümkündür. Artıq blok yaratmaq, birgə fəaliyyət mümkün deyil. Ancaq birgə mövqe ifadə etmək mümkün ola bilər. Bu da, vəziyyətdən asılıdır”.

Partiya sədri qeyd edir ki, siyasi partiyalar arasında ziddiyyətlər mövcuddur:

“Türkiyəni götürək. Bu qardaş ölkədə 15 iyul hadisəsindən əvvəl siyasi partiyalar prezidenti məhkəməyə vermişdi, yüzlərlə məhkəmə prosesi başlamışdı. Eləcə də prezident MHP və CHP sədrini məhkəməyə vermişdi. Lakin 15 iyul hadisəsi zamanı siyasi qüvvələr birgə mövqe ifadə etdi və bununla da tərəflər bir-birinə qarşı irəli sürdüyü məhkəmə iddialarından geri durdu. Bu baxımdan siyasətdə partiyalar arasında ziddiyyətlər küsülülüklər hər ölkədə var. Lakin milli məsələlər ortaya çıxdıqdan ortada olan inciklikləri aradan qaldırmaq lazım gəlir. Bu isə həmin siyasi liderlərin nə dərəcədə siyasi adam olmaları ilə bağlıdır. Kifayət qədər siyasiləşməyən insanlar fəaliyyət zamanı şəxsi mövqedən, münasibətlərdən çıxış edir, “sən o zaman mənə tərs baxdın”, “filan sözü dedin” yanaşması əsas olur. Normalda ictimai məsələlərdə belə yanaşmalar ortaya qoyula bilməz”.

ADP sədri hesab edir ki, müxalifətin bir araya gəlməməsi və ya gələ bilməməsində bir obyektiv səbəb də var:

“Müxalifətin bir araya gəldiyi zamanda ciddi bir nəticə əldə edilmir. Yəni müxalifət bir araya gələndə də, gəlməyəndə də nəticə olmur. Müsavat Partiyası hər zaman qeyd edir ki, biz birləşəndə də, birləşməyəndə də eyni nailiyyətsizliyi əldə edirik. Üstəlik birləşdikdən sonra uğur olmur, əvəzində partiyalar arasında münasibətlərdə yeni problemlər ortaya çıxır. Yaxşısı odur ki, birləşməyək və problemlər də yaratmayaq. Reallıq bundan ibarətdir”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər