ABŞ Dövlət Departamentinin Azərbaycanda dini icmaların sıxışdırıldığı ilə bağlı verdiyi bəyanat ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.
Bununla bağlı Teleqraf.com-a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini vəziyyətlə bağlı hesabatında Azərbaycanda dini icmaların sıxışdırıldığı ilə bağlı iddialar heç bir həqiqətə söykənmir: “Əksinə, qərəz və böhtan xarakter daşıyır. ABŞ yenə də öz ənənəsinə sadiqdir. Bu cür hesabatlar birbaşa dünya ölkələrinə təzyiq olunması üçün nəzərdə tutulur. Son günlər Azərbaycanın qonşu Rusiya ilə münasibətlərinin daha da dərinləşməsi istiqamətində apardığı siyasətdən ABŞ-ın ciddi şəkildə narahat olması gözlənilən idi. Mən bu bəyanatı daha çox bu amillə bağlayıram. ABŞ bu amilə görə Azərbaycana təzyiq yolunu seçib. Sual olunur, bütün dünyada islamafobiyanı yayan, ona maddi və mənəvi dəstək verən Qərb bu gün Azərbaycanda hansı əsasla İslamın sıxışdırıldığını deyir? Hər kəs açıq şəkildə görür ki, bu gün Azərbaycanda əsl tolerantlıq hökm sürür, nəinki dinlərarası, hətta təriqətlər arasında normal münasibətlər hökm sürür. Hər cümə namazında təriqətlərindən aslı olmayaraq, inaclı insanların birgə namaz qılmaqlarının şahidi oluruq”.
Niyaməddin Orduxanlının sözlərinə görə, ABŞ-ın Nardarana görə narahatlığına gəlincə, bu ölkənin rəhbərliyi yaxşı bilir ki, Nardaranda bir qrup ələ alınmış şəxs İranın təsirində olan insanlardır: “ Görün vəziyyət nə yerə gəlib çatıb ki, ABŞ İranın agentlərini müdafiə etməyə məcbur olur. Nardaranda baş verən hadisə bir qrup İranın ayətullalarının əlindən öpən insanların törətdiyi təxribatdır. Və bu gün də həmin insanlar törətdikləri əmələ görə qanun qarşısında cavab verirlər. Qeyd etdiyim kimi, burada əsas məqsəd Azərbaycana təzyiq etməkdir”.