“Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi Azərbaycanda sabitliyin qorunmasına xidmət edir”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
M.Pənahov bildirib ki, Azərbaycan sürətlə inkişaf edir, əhalinin həyat şəraiti yaxşılaşır: “Biz seçkiləri yüksək standartdarla keçirmişik, bu referendumu da yüksək səviyyədə keçirməliyik”.
MSK sədri deyib ki, Azərbaycan artıq inkişaf etmiş ölkələrlə müqayisə olunur: “Elə sahələr var ki, Azərbaycan dünya ölkələrindən xeyli irəli gedib. Əlbəttə, ideal nəsə yoxdur, çatışmazlıqlar ola bilər. Bütövlükdə Azərbaycanda bütün sahələrdə inkişaf var. Bütün istiqamətlərdə Prezident İlham Əliyevin reytinqi yüksəkdir. Amma biz bundan arxayın olmamalıyıq. Bilirsiniz ki, hansısa ölkənin daxili işlərinə qarışmaq üçün seçkidən istifadə edirlər. Biz buna şərait yaratmamalıyıq, kiçik çatışmazlıqları belə aradan qaldırmalıyıq. Biz aşağı seçki komissiyalarını maarifləndirdikcə çatışmazlıqlar aradan qalxır”.
M.Pənahovun sözlərinə görə, Azərbaycan dünyaya nümunə olacaq seçki keçirir: “Seçki komissiyaları üçün hər bir şərait yaradılıb. Bunu xüsusi qiymətləndirməliyik".