19 Avqust 2016 18:36
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycanda Əli Kərimli tərəfdarları ilə əlaqələrinin ifşa olunması xarici media qurumlarının da diqqətindən yayınmayıb.

Teleqraf.com-un məlumatına görə, Rusiya və Türkiyənin 10-larla nüfuzlu media orqanı Əli Kərimli-Fətullah Gülən cütlüyünün mütəşəkkil fəaliyyəti haqqında süjetlər və informasiyalar yayımlayıb. Artıq bəlli olduğu kimi, FETÖ Azərbaycanın dünyəvi dövlət modelini dəyişmək üçün kadrlar yetişdirib, planlar hazırlayıb.

Fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi faktının gün üzünə çıxması AXCP-nin özü haqda yaratmağa çalışdığı dünyəvi liberal dəyərlərin qoruyucusu mifini dağıdır. Görünür, bu da kərimovçuların daha çox təlaşa düşmələrinə səbəb olur. Kərimovçular özlərinə yaxın media orqanlarında, xüsusən sosial mediada özlərini aqressiv aparır, faktlara qarşı qeyri-etik ifadələrlə cavab verirlər.

Gülənçilərin indiki hakimiyyət vaxtı ölkəyə gəlməsi haqda iddialar əsassızdır. Çünki hələ ötən əsrin 80-ci illərin sonlarından gülənçilər Azərbaycan ayaq açmağa başlamışdı. “Qafqaz” Universiteti və “Araz” kursları məhz AXC hakimiyyəti vaxtı açılıb. “Qafqaz” gülənçilərin xaricdə ilk ali məktəbi, “Zaman Azərbaycan” ilk xarici nəşrləri idi.

İndi isə ƏIi Kərimli və tərəfdarları hakimiyyəti bütün bunların günahkarı kimi qələmə verməyə çalışırlar. Keçmiş AXCP-çilər Daşqın Ağalarlının və Fazil Mustafanın açıqlamalarından göründüyü kimi AXCP-Gülən əlaqələri hələ AXC hakimiyyətə gəlməzdən əvvəlki dövrə təsadüf edir, sonralar bu əlaqələr daha çox Kərimli tərəfdarlarının üzərində fokuslanıb.

AXCP-çilərin özlərini müdafiə etmək üçün gətirdikləri “eyni zamanda həm sünni, həm də şiə radikalların dəstəkçisi olmağın mümkünsüzlüyü” haqda arqument də əsassızdır. Bu arqumentin müəllifi olan Cəmil Həsənlinin AXC-də ola-ola AMİP sədrini prezidentliyə namizəd kimi müdafiə etməyi, amma Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra AXC hakimiyyətində təmsil olunmağı, sonra AXCP-çi ola-ola indiki hakimiyyətə yarınmağı yaxşı bacarıb. Bu keyfiyyətlərin onun həm tələbəsi, həm də lideri olan Əli Kərimlidə daha çox inkişaf etməsi isə heç kimə sirr deyil.

Siyasi prinsipsizlik, ifrat makiavellizm “yurdçu” dəstəni milli demokratlıqdan liberal demokratiyaya, liberalizmdə solçu tələblərlə mitinq keçirən yarım trotskiçi-çe geveraçı qrupa, indi də dinçi elektoratın dəstəyini qazanmaq istəyən güruha çevirməkdədir. “Narıncı internasional”ın dini radikal şəbəkələrlə çulğaşması belə makiavellist yanaşmanın nəticəsidir.

Güman etmək olar ki, Türkiyədə FETÖ-çülərlə bağlı istintaq dərinləşdikcə Əli Kərimli ilə terror təşkilatı arasında əlaqələrin yeni sübutları da gün işığına çıxacaq.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Teleqraf.com-a açıqlamasında gülənçilərin Azərbaycanla da bağlı çox ciddi planları olduğunu bildirib. O qeyd edib ki, bunu açıq şəkildə etməyərək məktəblər açmaq, kurslar təşkil etmək, xaricdə oxuyan tələbələrimizi təsir altına almaqla Azərbaycanı öz torlarına salmağa çalışırdılar: “Ancaq onların Azərbaycana gəlişi məhz AXC-Müsavat dövrünə təsadüf edir. Atdığı addımların məsuliyyətini dərk etmək əvəzinə gülənçiləri Azərbaycana buraxdılar və onlara maksimum dəstək oldular. İlk məktəblər, ilk Gülən ideyaları onların dövründə Azərbaycana qədəm basıb. Təsadüfi deyil ki, onların dövründə hakimiyyətdə olanların bir qismi sonradan, 1993-cü ildən sonra Türkiyəyə qaçaraq Gülən hərəkatının təbliğində böyük rol oynayıblar.

Yəni, ümumən götürəndə gülənçilərin Azərbaycana ayaq basmasında və ilk addımların atılmasında məsuliyyəti AXC-Müsavat cütlüyü və onun indiki varisi olan partiyaların, konkret olaraq AXCP-nin üzərinə düşür. Həmin dövrdə əvvəl Prezident Aparatının ərazi idarəetmə şöbəsinin müdiri, sonra isə dövlət katibi işləməklə Əli Kərimlinin bu işdə çox ciddi məsuliyyəti var. İndi faktlar ortaya çıxır ki, hakimiyyətdən getdikdən sonra da gülənçilərlə çox sıx əlaqədə olub, onları dəstəkləməyə çalışıb”.

A.Mirzəzadə qeyd edib ki, indi isə Ə.Kərimli və onun dəstəsi gah izi itirməyə, gah da özlərinin etdiklərini bugünki hakimiyyətin etdiyi kimi qələmə verməyə çalışırlar: “Amma faktlar göz qarşısındadır. Cəmiyyətin yaddaşı güclüdür və 1992-ci ildə hazırlıqsızsız şəkildə, hakimiyyət hərisliyi ilə hakimiyyətə gələnlərin Azərbaycan üçün etdikləri müəyyən məsələlərin əks-sədası hələ indiyədək gəlməkdədir. 1993-cü ilin 15 iyununda Heydər Əliyev kimi böyük Azərbaycan siyasətçisi, görkəmli dövlət xadimi hakimiyyətə gəlməsəydi, Azərbaycan indi Suriyanın, Liviyanın günündə idi və iki əsrdir arzuladığımız müstəqillik bir qrup insanların hakimiyyət hərisliyinin qurbanına çevrilərdi”.

Müsahibimiz bildirib ki, Azərbaycan dövlətçiliyinə heç bir fayda verməmiş insanların bu gün böyük iddialarla çıxış etmələri çox gülünc görünür: “Bununla belə sadə vətəndaşlar kimin kim olduğunu və Azərbaycan tarixində hansı imzaları qoyduğunu çox gözəl bilirlər”.

Milli Məclisin deputatı qeyd edib ki, bu insanlarda vətənpərvərlik, Azərbaycan üçün məsuliyyət daşımaq hissi yoxdur: “Bunları ancaq bir şey – hakimiyyət hərisliyi maraqlandırır. Bu hərislik bunlarda həddən artıq güclüdür. Çox gənc yaşlarında, heç bir təcrübəsi, layiq olmadan yüksək vəzifələr tutmaqla hesab etdilər ki, bunlar seçmə adamlardır və kimlərinsə, xaricdə müəyyən dairələrin əlində oyuncaq olmalarının fərqinə varmadılar. 1993-cü ildə xalq bunları hakimiyyətdən uzaqlaşdırdı. Ancaq bunlar yenidən gündəmdə qalmaq, yenidən hakimiyyətə gəlmək üçün döymədikləri qapı qalmadı.

Gah xarici səfirlikləri Azərbaycanın daxili işlərinə qatmaq istədilər, gah xarici fondların burada geniş QHT şəbəkəsini yaradaraq ordan maliyyələşmək yolunu tutdular və hansısa bir ölkədə proses olduqda onu süni şəkildə Azərbaycana gətirməyə çalışdılar. Mən yada salıram, Gürcüstan və Ukraynada olan hadisələri. Onları Azərbaycana “kopirovka” etmək istədilər, amma alınmadı. Ayrı-ayrı situasiyalarda Azərbaycanın maraqlarına zidd addımlar atmağı özləri üçün böyük bir qəhrəmanlıq hesab edirdilər. Zaman keçsə də, yaşa dolsalar da, onların düşüncəsində, hərəkətlərində heç bir yenilik olmadı. Mən xatırlayıram, 1997-ci ildə Əli Kərimliyə Fransanın paytaxtı Parisdə hansısa fond tərəfindən “Azərbaycanın gələcək prezidenti” medalı verilmişdi. Bunun özü hakimiyyət hərisliyini, Azərbaycanın maraqlarının kimlərinsə maraqlarına qurban verməyə hazır olmağı bir daha nümayiş etdirir”.

A.Mirzəzadənin sözlərinə görə, bu gün məntiqi nəticədir ki, cəmiyyət onları həyatın küncünə atıb: “Bu gün tərəfdarları, geniş sosial bazaları yoxdur. Ətrafına yığdığı gənclərin isə həyatlarını məhv edir, onların normal, sivil, demokratik hərəkatda iştiraklarının qarşısını alırlar. Bunun isə məsuliyyətini isə, əlbəttə, etiraf etmək istəmirlər. Bu bir daha göstərir ki, cəmiyyət qeyri-müəyyən və eyni zamanda xaricdən asılı olmağa razı olan insanların hakimiyyətə gəlməsinə qarşı çox ciddi bir protest dalğası yaratmalıdır. Belə insanların hakimiyyətə gəlməsi, səlahiyyət sahibi olması dövlət üçün, tarix üçün çox təhlükəlidir. Yaxın Şərqdə baş verənlər göstərir ki, hansısa ölkədə həmin ölkələrin axcp-ləri həmin ölkənin bugünki vəziyyətə düşməsinə məsuliyyətlidir. Azərbaycanda isə bu heç zaman baş verməcək. Hesab edirəm ki, bizim 93-cü ilədək çəkdiklərimiz yetər”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər