Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev avqustun 30-da Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni ilə görüşüb.
Baş katib Azərbaycana səfərini məmnunluqla xatırlayaraq ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.
Səfir R.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün törətdiyi fəsadlarla bağlı baş katibə məlumat verib. Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycana giriş vizasının rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsinin turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığıni diqqətə çatdıran səfir qeyd edib ki, atılan addımların məntiqi nəticəsi olaraq KƏŞ ölkələrindən Azərbaycana turist axını artmaqdadır.
Görüşdə Azərbaycan-KƏŞ münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı yolları müzakirə olunub, əlaqələrin perspektivlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2013-cü il iyunun 9-13-də Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Körfəz Əməkdaşlığı Şurasının Baş Katibliyi arasında “Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu” imzalanıb. Bundan əlavə, KƏŞ-i təmsil edən nümayəndə heyəti Qəbələ rayonunda olaraq bu bölgənin turizm imkanları ilə maraqlanıb, yerli müəssisələrdə istehsal prosesini izləyib.