Bu gün Milli Məclisin regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, əvvəlcə Milli Məclisin 2016-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən təşkilatı işlər barədə hesabat dinlənilib.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, hesabat dövründə 4 iclas keçirilib, 6 məsələ müzakirə edilib. Bunlardan da 2-si qanun layihəsi olub.
Arif Rəhimzadə komitənin 2016-ci ilin payız sessiyası üçün iş planından danışarkən bəzi qanunlara əlavə və dəyişikliklərin ediləcəyini deyib.
Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilib.
Əvvəlcə "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dəyişiklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. Dəyişikliyə əsasən sənədin 5.1-ci maddəsində "habelə" sözündən sonra "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda" sözləri əlavə ediləcək. Qanunun 8.0.1-ci maddəsi isə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi" məzmununda yeni redaksiyada veriləcək.
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Qanunda ediləcək dəyişiklərə görə sənədin 7-ci maddəsinin 1.1-ci bəndi yeni redaksiyada veriləcək.
İclasda həmçinin Biləsuvar, İmişli, Lerik, Ağdaş və Ucar rayon icra hakimiyyətlərinin ərazi mübahisəsinə dair müraciətlərinə də baxılıb.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.