Ermənistanın rəhbərliyinin beynəlxalq görüşlərin hər birində yalandan Azərbaycan əleyhinə danışmaları artıq adət halını alıb. Təəssüf ki, elə bir beynəlxalq görüş yoxdur ki, Azərbaycan rəhbərliyindən kimsə görüşün ən şirin anında söz istəyib rəsmi İrəvanın həyasızcasına danışdığı yalanlarına qarşı sərt cavab verməsin.
Bəzən bu cavablar sakit, bəzən isə erməniləri tam biabır edəcək şəkildə olur. Amma əsas olan odur ki, Sərkisyanın timsalında demək olar ki, heç bir erməni məmuru hələ də susmur.
Dünən MDB Dövlət Başçıları Şurasının yubiley iclası oldu. Görüşdə həm Azərbaycan, həm Ermənistan, həm Rusiya, həm Qazaxıstan və digər ölkələrin liderləri iştirak edirdi. Əslində bu görüşdə Sərkisyanın“cığal uşaqlar” kimi atmacalı ifadələr səsləndirəcəyi əvvəlcədən hər kəsə bəlli idi. Ən azından bayaq söylədiyim kimi, İrəvan artıq bu adətini 25 ildə heç tərgitməyib. Sərkisyan bu dəfə də susmadı. Danışdı. Amma yenə yalanları danışdı. Və cavabını da aldı. Sərkisyana bu dəfə özünün heç gözləmədiyi məqamda ən ağır cavab Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verildi.
Görüşün strutkturuna sadəcə nəzər yetirmək lazımdır. Dövlət başçılarının 25-ci iclasıdır və tərəflər 10-dan çox sənəd imzalamalıdırlar. Üstəlik, masa üzərində olan sənədlər təhlükəsizlik, terrorizm və sairə ilə bağlıdır. Qarabağdan bir kəlmə belə söhbət edilmir. Bu zaman Sərkisyan yumurtadan çıxan cücə kimi ortaya çıxıb, “cənablar, əslində bu belə olmalıdır” deyir. Əsas məqam odur ki, Sərkisyan bu məsələni MDB dövlət başçılarının yanında söyləyir. O ölkələrin ki, onlardan bir çoxu ilə yaxşı münasibətə sahib deyil. Məsələn, Lukaşenko Əliyevlə xoş münasibətlərə malikdir. Ermənistanla həm Avrasiya İttifaqı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə yer alsalar da, heç vaxt rəsmi Bakının mövqeyini İrəvana tapdalatmayıb.
Daha bir nümunə Nazarbayevdir. Onun isə Avrasiya İttifaqının görüşlərinin birində Sərkisyana verdiyi sərt cavab artıq məşhuri-cahandır. Bunları nəzərə almadan, ancaq oturduğun masanın arxasında Moskvadan imdad gözləmək isə tam mənasız idi. Çünki Moskva bundan sonra heç vaxt Bakıya qarşı açıq-aşkar çıxmaq fikrində deyil. Kremlin Bakını rəsmi dillə təhdidi modeli 90-cı illərlə birgə artıq çoxdan tarixin tozlu yaddaşlarında özünə yer edib. Bir sözlə, Sərkisyanın mənasız addımları ilə özünə hörmətin olmadığı bir yerdə xalqı üçün dəstək istəməsi əslində onun necə ucuz siyasətçi olduğunu ortaya qoydu.
Daha bir məqam Prezident İlham Əliyevin cavabı idi. Prezident onsuz da bir müddət öncəki çıxışlarından birində “mən Sərkisyan qədər bir cümlədə bir neçə yalan deyən insan görməmişəm” deməklə bədnam qonşumuzun liderinə verdiyi qiyməti göstərmişdi. Amma, görünür, Sərkisyan hələ də dinc durmamaqla məşğuldur.
Əliyev Sərkisyandan sonrakı çıxışına məhz Belarus rəhbəri Aleksandr Lukaşenkodan sözünü iznlə kəsərək başladı. Maraqlı məqam isə Lukaşenkonun Əliyevin bu istəyinə məmnuniyyətlə cavab verməsi oldu. Digər məsələ isə başqa rəhbərlərin Əliyevin bu çıxışına heç bir fikir bildirmədən sona qədər dinləmələri idi.
Əliyevin Sərkisyana verdiyi cavablar da tam yerində oldu. Məsələn Əliyev Sərkisyana deyir:
“Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu”.
Prezidentin də dediyi kimi, vəziyyət kifayət paradoksaldır. Əslində prosesi başladan onlar, hücum edən onlar, amma bütün cavabları bizdən istəyirlər. Sərkisyan kimi bir insanın belə yalanlar danışması və bunun üzərində israrla dayanması əslində elə onun peşəsidir. Azərbaycanda anadan olub, Azərbaycanın çörəyini yeyib, “Miatsum” hərəkatını dəstəkləyib, Xocalıda bir zamanlar yanaşı qaldığı və çörəyini onunla bölüşən insanlara atəş açıb, qətlə yetirən Sərkisyandan başqa heç nə də gözləmək mümkün deyildi. Əliyevin isə aralarında yaşanan kiçik dialoqda “mən yalana artıq cavab verdim” deməsi Sərkisyan üçün əsl zərbə idi.
Görünür, Sərkisyan apreldə aldığı zərbədən özünə dərs götürməyib. Bilinən odur ki, Sərkisyanın dövründə Ermənistan iqtisadiyyatı sonu bilinməz iqtisadi böhrana yuvarlanıb, Ermənistandan kütləvi miqrasiya artıb, Ermənistan erməniləri Qarabağda döyüşməkdən imtina edirlər, Ermənistan müstəqilliyini itirib, Rusiyanın “forpost”u olub, ermənilər öz yaşadıqları diyara tam nifrət ediblər. Bütün bunlardan sonra yaranan maraqlı məqam odur ki, Sərkisyan hansı üzlə hələ dəAzərbaycanın ədalətsizlik etdiyini deyir?
Bir erməni xadimi doğru deyirdi ki, Ermənistan Qarabağ zirzəmisində öz müstəqilliyini itirdi. Sərkisyan əslində Bişkek görüşündə Azərbaycandan Qarabağı yox, ölkəsinin itmiş olan müstəqilliyini, özünün yox edib deqradasiyaya məruz qoyduğu erməni xalqının Azərbaycanla yaşadığı zamandakı xoş günlərini istəməliydi. Amma istəmədi və görünür bu gedişatla da istəməyəcək. Bu minvalla da özünün “uğurlu” daxili və xarici siyasəti nəticəsində Ermənistanda özü və nəslindən başqa bir erməni qoymayacaq.
İlkin Həsənov