29 Sentyabr 2016 12:22
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Ovik Abramyanın istefasından sonra ölkədə vəziyyət gərginləşib. Artıq prezident Serj Sarkisyan özünə yeni komanda formalaşdırmağa başlayıb. Yeni baş nazir Karen Karapetyana ümidlər bəsləyən Sarkisyan ölkədəki narazılığın aradan qaldırılması üçün nazirlərin çoxunu komandasından göndərib.

Sarkisyanın verdiyi fərmanla iqtisadiyyat, mədəniyyət, səhiyyə, ekologiya, gənclər və idman naziri vəzifəsinə təyinatlar olub. Erməni mətbuatı bir neçə gündür müdafiə naziri və xarici işlər nazirinin öz postunda qalıb-qalmayacağı barədə versiyalar irəli sürür. “Aykakan Jamanak”ın yazdığına görə, Ermənistan hakimiyyəti xarici siyasət sahəsində balans yaratmağa çalışır. Bu məqsədlə Sarkisyan iki əhəmiyyətli nazirlik hesab olunan Xarici İşlər Nazirliyi və ya Müdafiə Nazirliyinə Rusiya təsiri altında olmayan naziri təyin etmək niyyətindədir. Məlumatlara görə, yaxın vaxtlarda Ermənistan Prezident Aparatının rəhbəri Viqen Sarkisyan müdafiə naziri təyin olunacaq. Bir müddət öncə Viqen Sarkisyanın adı xarici işlər naziri postuna namizəd kimi çəkilirdi. Hakimiyyət dairələrində yayılan şayiələrə görə, Edvard Nalbandyan Rusiyanın təsiri ilə yenidən XİN rəhbəri təyin olunacaq və indi Serj Sarkisyan Rusiyanın təsiri altında olmayan Viqen Sarkisyanı müdafiə naziri vəzifəsinə gətirəcək.

Ermənistanda yaranmış durumu şərh edən konfliktoloq Əvəz Həsənov Teleqraf.com-a açıqlamasında bildirib ki, İrəvanda polis post-patrul alayının binası mühasirəyə alınandan sonra Ermənistan cəmiyyətində qazanılan və itirilənlərin qiymətləndirilməsi başlandı: “Ermənistanda birdən-birə başa düşdülər ki, həm cəbhədə, həm də siyasi və iqtisadi proseslərdə vəziyyət heç də onların gözlədiyi kimideyil. Ona görə də Ermənistan hökuməti islahatlara məcbur oldu. İslahatlar isə ancaq təhsil, səhiyyə, sosial sahələrdə strukturların rəhbərlərinin dəyişdirilməsindən ibarətdir. Güc strukturları sferasında islahat mümkün deyil. Çünki bu strukturlar birbaşa Sarkisyanın dayaqlarıdır. Cəmiyyət isə apreldən sonrakı proseslərin nəticəsində dəyişilmə gözləyir”.

Onun fikrincə, Sarkisyan Qarabağ klanının təmsilçisidir və özünə Müdafiə Nazirliyi kimi vacib bir posta əlavə şərik qoşmasına ehtiyac görmür: “Eyni zamanda erməni klanını da razı salacaq nə isə etmək istəyir. Müdafiə məsələlərində həmişə Sarkisyanın etibarlı adamları olub. Apreldəki itkilərdən sonra Ohanyanın stabilliyi qoruya biləcək gücdə olması imici də zədələnib. Ona görə də Ohanyanı dəyişə bilər. Qarabağ müharibəsindəki “qələbələrdə” Ohanyanın adı olsa da, o, böyük siyasət üçün o qədər də uğurlu fiqur deyildi. Ona görə də onu tezliklə dəyişməyə razıdırlar. Başqa tərəfdən, Sarkisyan öz yerini möhkəmləndirmək istəyir və rahatlığını fikirləşir. Rusiya Qarabağ münaqişəsində irəliləyişlərin olması üçün Ermənistana da təzyiqlər edir. Belə olan halda Ohanyan hər hansı razılaşmalara getməyəcək. Çünki bütün mahiyyəti Qarabağ hərəkatı ilə bağlıdır. Bu post elə adama tapşırılacaq ki, müdafiə məsələlərində daha loyal olsun və Rusiyanın marağı olan addımlardan çəkinsin. Ermənistan üçün güclü ordu lazımdır, əvvəl Rusiyaya çox arxayın idilər, Qarabağa birbaşa təsir edirdi. İndi onlara güclü islahatlar apara biləcək ordu lazımdır. Ona görə də Rusiya və Qərbə loyal münasibəti olan rəhbəri gətirəcək ki, ordunu gücləndirsin”.

Ə.Həsənov bildirib ki, xarici işlər naziri səlahiyyətlərini icra edən Edvard Nalbandyan böyük ehtimalla XİN rəhbərliyində saxlanılacaq: “O, diaspora nümayəndəsidir və erməni diasporu çalışır ki, xarici siyasətdə onu əldən verməsin. Müasir dövrdə Ermənistan xarici siyasətində Qərblə işləyə biləcək güclü adamlardan biri Nalbandyan, biri də Vardan Oskanyandır. Nalbandyan bu hökumətə ciddi mane olmur. Onu çıxarmaq Sarkisyana xeyir gətirməz, ona görə də onu öz postunda saxlayacaqlar. Sarkisyan çalışacaq ki, Qarabağ münaqişəsində irəliləmə olmasın. Eyni zamanda geriləmə tərəfdarı da deyil. Çünki Rusiya Ermənistana ciddi surətdə təkid edir ki, stabilliyi qorumaq üçün razılaşmaya getsinlər. Məncə, ciddi irəliləyiş nəzərdə tutulmur. Bu, Ermənistanın marağında deyil, çalışacaqlar ki, maksimal dərəcədə imkan qazansınlar, güclü siyasi mövqe tutsunlar, hətta Rusiyanı bu məsələdə müəyyən qədər neytrallaşdırmağı düşünürlər. Azərbaycanla mübarizədə təkbaşına qalmaq istəyirlər. Rusiya Azərbaycanı da müdafiə edir. Ermənistan rəsmi Kreml üçün prioritet deyil. Ona görə də Rusiyanın vasitəçiliyindən, bu münaqişəyə münasibətindən çox ehtiyat edirlər”.

Konfliktoloq hesab edir ki, Ermənistanda ciddi iqtisadi islahatlara ehtiyac var: “Karapetyanı o ümidlə gətiriblər ki, heç olmazsa islahatlar başlansın, baş naziri müqəvva kimi saxlamaq Ermənistana sərf eləmir. Çünki iqtisadiyyata doğrudan da pul lazımdır. Rusiyadan da indi dəstək gəlmir, deməli iqtisadiyyatı işlətmək lazımdır”.

Nərgiz


Müəllif: