Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycanda səfərdə olan İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DTX-nın ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, M.Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz xidmətləri, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, ümumən sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin ümumi səyləri nəticəsində Azərbaycan-İran arasında inkişaf edən dostluq münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində əlaqələrin gücləndirilməsinə də xidmət edir.
Əbdülrza Rəhmani Fəzli dost və qardaş xalqlarımızın tərəqqisi naminə dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf və təhlükəsizlik siyasətinə əlverişli şəraitin yaradılması üçün hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi önəm daşıdığını qeyd edib. Qonaq bu səfərin dövlətlərimiz, eləcə də müvafiq strukturlar arasında münasibətlərin daha da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb