Prezident İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm açıqlama verib. Dövlət başçısı bildirib ki, yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür və əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər.
Prezident İlham Əliyevin qeyd olunan açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu, rəsmi Bakının böyük güzəştidir. Onun sözlərinə görə, əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox “yüksək statusa malik muxtariyyət” ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: “Muxtar respublika”.
E.Şahinoğlu qeyd edib ki, muxtar respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sair atributları olur: “Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, “muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik. Mənə elə gəlir ki, hakimiyyətin “muxtar respublika”nın statusu ilə bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsi lazımdır. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, “bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur”. Ona görə də “muxtar respublika” ilə bağlı təkliflər paketi hazırlanmalıdır”.
E.Şahinoğlu qeyd edib ki, Prezident İlham Əliyevdən müsahibəni “Sputnik” agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayımlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb: “Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun İlham Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayımlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq fikrimcə, İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində muxtar respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikasının əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın da maraqlarına cavab vermir”.
Səxavət HƏMİD