18 Oktyabr 2016 17:53
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Silahlı münaqişələr, terror aktları, qaçqın və miqrant böhranı, bəzi ölkələrdə dağıdıcı humanitar vəziyyət, din haqqında geniş yayılmış təhriflər və sülh və təhlükəsizlik üçün bir çox digər əngəllər qeyri-möhkəm və kövrək dünyamızda mövcud olmaqda davam edir. Çox təəssüf ki, hazırda bir sıra İƏT üzv dövlətləri yuxarıda qeyd olunan problemlərlə üz-üzədir”.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 18-19-da Daşkənddə keçirilən 43-cü sessiyasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bugünkü sessiya bu problemlərin mövcudluğunun əsas səbəblərindən birinə – müasir dünyamızda sürətlə güclənən savadsızlıq və cəhalətin artması probleminə müraciət etmək üçün əlverişli fürsət yaradır: “Sessiyamızın “Təhsil və Maarifçilik – Sülh və Yaradıcılığa aparan Yol” adlı şüarı sanki bizə xatırladır ki, dünyamızın üzləşdiyi problemlərlə mübarizədə uğur qazanmaq üçün açar təhsildədir. Təhsil hər bir fərdin, ailənin, icmanın, ölkənin və dünyamızın davamlı inkişafı üçün başlıca hərəkətverici qüvvə, həmçinin zəmanətdir. Təhsil və maarifçilik müsəlmanlar arasında həmrəyliyi gücləndirə, islamofobiya meyllərinin kökünü kəsə, ekstremizmi dəf edə, tolerantlıq mədəniyyətini təşviq edə və müxtəlif mədəniyyətlər, dinlər və millətləri təmsil edən insanların dinc yanaşı yaşaması üçün əlverişli zəmin yarada bilən əsas qüvvələrdir. Təhsil bəşəriyyətə rifah və firəvanlıq gətirir. Və mən İndoneziyanın hörmətli xarici işlər nazirinin qadınlar və qızların təhsil almasının vacibliyinə dair səsləndirdiyi fikirlə tam razıyam”.

Nazir qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə əldə olunduğuna inanan bir ölkə kimi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu möhkəmləndirən beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib: “Keçən ay biz bütün bəşəriyyəti maraqlandıran çoxsaylı qlobal məsələlərə dair panellərlə birgə aralarında Nobel mükafatı laureatları olan məhşur qonaqların iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi etmişik. Bundan əlavə, Azərbaycan İslam həmrəyliyini gücləndirmək üçün daim ön sıralarda səy göstərən ölkə kimi gələn il Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə layiq görülüb.

Hamıya məlumdur ki, İslam dünya sivilizasiyasına çox böyük töhfələr verib. Tarixin ilk dövrlərindən etibarən müsəlman alimlər astronomiya, fizika, riyaziyyat, tibb, memarlıq kimi müxtəlif sahələrdə hədsiz uğurlar qazanıblar. Çox təəssüf ki, İslamın gətirdiyi yeniliklər və müsbət təsirləri inkar edərək, beynəlxalq ictimaiyyət islamofobiya problemini münasib və effektiv şəkildə həll etməkdə aciz qalır. Biz bu qəbuledilməz meylin tezlik və bədnamlığının artmasının qarşısını almaq üçün səylərimizi əsirgəməməliyik. Bu xüsusda, biz islamofobiya fenomeni ilə mübarizə aparmaq üçün İƏT tərəfindən görülən işləri təqdir edirik və bu təhlükənin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizi daha da gücləndirməyə çağırırıq. Biz hamımız etiraf edirik ki, islamofobiyanın ortaya çıxmasına töhfə verən ilkin səbəb və faktorlardan biri şübhəsiz ki, zorakı ekstremizm və terrorizmdir. Bu təhlükənin aradan qaldırılmasına yönəlik beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ehtiyac güclü olaraq qalır. Terrordan irəli gələn təhlükə və çağırışların qarşısını səmərəli almaq, eləcə də onun yalnız bununla məhdudlaşmayan əsas səbəblərini – həlli uzanmış hərbi münaqişələr, savadsızlıq və sosial təcridetməni aradan qaldırmaq üçün bütün lazımi tədbirlərin görülməsi zəruridir”.

E.Məmmədyarov bildirib ki, yalnız həmrəyliklə birgə və ikiqat səylərimiz günahsız insanların həyatlarını tələf etməkdə davam edən bu qeyri-insani əməlləri aradan qaldıra və qarşısını ala bilər: "Azərbaycan güclü və birmənalı şəkildə beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri kimi – kimə qarşı və harada, eləcə də nə məqsədlə törədilməsindən asılı olmayaraq terrorun bütün forma və təzahürlərini pisləyir.

Mən bir daha Azərbaycanın qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və müstəqil dövlətin yaradılmasında apardıqları mübarizədə tam dəstəyini qeyd etmək istəyirəm. Azərbaycan İsrail-Fələstin münaqişəsinin həllində bu müqəddəs torpaqlarda uzun zamandır gözlənilən, hərtərəfli, uzunmüddətli və yalnız sülh, təhlükəsizlik və davamlı inkişafın əldə edilməsinin yeganə təminatı olan iki dövlət həllinə tərəfdardır. Biz, Fələstin xalqının dəstəklənməsi və amalına xidmət edən İƏT-in gördüyü işləri yüksək səviyyədə təqdir edirik”.

Səxavət


Müəllif: