19 Oktyabr 2016 20:53
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif ölkələrin yüksək vəzifəli siyasi liderləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Teleqraf.com-un məlumatına görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik “Azernews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin inkişafının bütün detalları barədə daim xəbərdardırlar və bu məsələ ilə gündəlik məşğul olurlar: "ATƏT sədrliyi münaqişəyə daim diqqət yetirir, həmçinin münaqişə ətrafında hadisələrin inkişafından xəbərdardır. ATƏT-in hazırkı sədri, nazir Frank-Valter Ştaynmayer regiona səfər edib və səfərin gündəliyində, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli problemi olub”.

A.Kaspşik həmçinin əlavə edib ki, Qarabağ münaqişəsinin həlli bir çox beynəlxalq tədbirlər zamanı da müzakirə mövzusudur.

ATƏT-in müşahidələrindən alınan məlumata istinad edərək A.Kaspşik bildirib ki, 2016-cı il mayın sonundan Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca vəziyyət nisbətən sabit idi, hərçənd atəşkəs rejiminin pozulması və itkilər barədə yenə də xəbərlər verilirdi: "Hər bir bədbəxt hadisə faciədir, mərhumun ailəsi və dostları üçün qəm-kədər doğurur. Mən bu acıları bölüşürəm. Vurğulamaq istərdim ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlər hər hansı sülhməramlı akt və araşdırması deyil, monitorinqlər yalnız işlərin ümumi vəziyyəti barədə məlumat verir. Biz onları davam etdirəcəyik”.

Onun sözlərinə görə, bu monitorinqlər yerlərdəki mənzərə haqqında təsəvvür yaradır.

A.Kaspşik qeyd edib ki, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi onun mandatına və Kaspşikin ofisinin fəaliyyətinə toxunmayacaq.


Müəllif:

Oxşar xəbərlər