20 Oktyabr 2016 13:21
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsində təmsil olunan hüquq müdafiəçiləri arasında yeni qarşıdurma müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, budəfəki qarşıdurma yeni məhbus siyahısı ilə bağlıdır. Sosial şəbəkədə yazılan status və şərhlərdə göstərir ki, bu düşərgənin təmsilçiləri arasında ciddi ziddiyyət yaranıb. Söhbət ondan gedir ki, bu yaxınlarda bir qrup müxalifətçi QHT fəalı məhbus siyahısı hazırlayaraq sosial şəbəkədə yayıblar. Bu siyahıya ayrıca hüquq müdafiəçisi Novella Cəfəroğlu və Mirvari Qəhrəmanlı etiraz edib.

Sözügedən siyahını Rəsul Cəfərov, Rövşən Hacıbəyli, Xədicə İsmayıl, Samir Kazımlı, Anar Məmmədli, İntiqam Əliyev, Xalid Bağırdov tərtib edib. Həmçinin bəzi vəkillər bu işdə onlara yardım edib.

Ancaq bəlli olub ki, onların hazırladığı siyahı AXCP sədri Əli Kərimlinin və Milli Şura sədri Cəmil Həsənlinin xoşuna gəlməyib. Bu səbəbdən də Əli Kərimliyə yaxın şəxslər daha bir siyahı tərtib edərək paylaşıblar. Bu siyahını isə daha çox Milli Şura üzvü Oqtay Gülalıyev, Leyla Yunus və digər şəxslər hazırlayıb.

Bu da eyni düşərgədə təmsil olunan şəxslər arasında ciddi qarşıdurmaya yol açıb.

Hüquq müdafiəçisi Samir Kazımlı sosial şəbəkələrdə bildirib ki, Əli Kərimlinin hazırlatdırdığı və dəstəklədiyi siyahıda olan şəxsin dördü azadlığa buraxılıb və onlardan birinin adı iki dəfə yazılıb: “Əli Kərimli elə bilir ki, saxta yolla siyahını şişirdəndə beynəlxalq qurumların diqqətini cəlb edə biləcək. Amma bu adam anlamır ki, beynəlxalq qurumlar peşəkar işə diqqət edirlər”.

AXCP-nin mətbuat katibi Natiq Ədilov isə həmin şərhdə Samir Kazımlını sifarişlə Əli Kərimli haqda status yazmaqda ittiham edib.

Yeri gəlmişkən, jurnalist Xədicə İsmayıl da sosial şəbəkələrdə ad çəkməsə belə AXCP sədri Əli Kərimliyə istiqamətlənən tənqidi status yazıb: “Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər”.

X.İsmayıl daha sonra söyləyib ki, bu yaxınlarda eşidib ki, müxalifətçi siyasətçilərdən biri Vəkillər Kollegisyasının üzvüdür, ancaq indiyə qədər bir gənc fəalın məhkəmə prosesinə çıxmayıb.

AXCP ətrafında toparlanan müxalifətçilər arasında yaranan bu duruma Müsavat Partiyasının üzvlərindən maraqlı reaksiyalar olub. Müsavat Məclisinin üzvü, hazırda Türkiyədə yaşayan Könül Şamilqızı qeyd edib ki, əgər belə bir siyahını Müsavat ortaya çıxarsaydı, sosial şəbəkədə bu partiyanın üzərinə düşəcəkdilər. Vəfa Cümşüdlü isə bu fikirlərə dəstək olaraq qeyd edib ki, əgər AXCP deyil, Müsavat siyahı tərtib etsəydi, sosial şəbəkələrdə bəlli şəxslər Müsavatı hədəfə alar, hətta 7 bal gücündə zəlzələ yaradardı.

Xatırladaq ki, hazırda məhbus problemi ilə bağlı Birləşmiş İşçi Qrupu yaradılıb və fəaliyyət göstərir. Yuxarıda adı qeyd edilən şəxslər isə bu prosesdə təmsil olunmur.

Cavid


Müəllif:

Oxşar xəbərlər