“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin oktyabr’n 18-19-da Daşkənddə keçirilən 43-cü sessiyasında FETÖ terrorçu təşkilat elan edildi. Bu qərar bir tərəfdən Ankaranın ciddi uğuru sayıla bilər, digər tərəfdən qərarın hamı tərəfindən yerinə yetirilb-yetirilməyəcəyi sualı açıq qalır. Məntiqlə İƏT-nin bu qərarı o deməkdir ki, quruma üzv ölkələrin hamısı avtomatik olaraq FETÖ-nü terrorçu təşkilat kimi tanımalıdırlar. Sadəcə, Misiri çıxmaq şərtilə. Yekdil səsverməyə baxmayaraq, quruma üzv dövlətlərin hamısının bu qərara riayət edəcəyi problematikdir. Məsələn, Qırğızıstan FETÖ-yə bağlı təhsil ocaqlarını nə bağlayıb, nə də statuslarını dəyişib. Əksinə, Bişkek Ankaranın “Qırğızıstandakı FETÖ üzvlərini ölkədən çıxarın” çağırışına “bizim daxili işlərimizə qarışmayın” kimi sərt cavab verib. İndi Qırğzıstan İƏT-nin qərarına riayət edəcəkmi? Digər müsəlman ölkələrində də Gülən şəbəkəsinə bağlı məktəblərlə bağlı vəziyyət dəyişməyib”.
Teleqraf.com-un məlumatına görə, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.
Materialda qeyd olunur ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev çevrilişə cəhddən sonra Türkiyəyə səfər edərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdü: “Ancaq Qazaxıstan prezidenti də Ankaranın istəyi əsasında Fətullah Gülənə bağlı təhsil ocaqlarını bağlayacağını vəd etmədi, sadəcə dedi ki, Qazaxıstanda komissiya yaradılacaq və həmin təhsil ocaqlarının fəaliyyəti araşdırlacaq. Yəni əgər həmin komissiya Gülənə bağlı təhsil ocaqlarının fəaliyyətində qeyri-qanuni nəsə tapmazsa, Qazaxıstandakı məktəblər fəaliyyətlərini davam etdirəcəklər”.
“Atlas” Araşdırmalar Mərkəzi bildirir ki, Ankaranın FETÖ ilə bağlı istəklərini yerinə yetirən ilk ölkələrdən biri Azərbaycandır: “Rəsmi Bakı Türkiyədə çevrilişə cəhdin səhəri günü Gülən şəbəkəsinə bağlı “Qafqaz” Universitetinin statusunu dəyişdirdi, ali təhsil ocağındakı bütün türk müəllimləri geri göndərdi. Bundan əvvəl isə Azərbaycanda Gülən şəbəkəsinə bağlı kursların və məktəblərin statusları dəyişdirilmişdi. Rəsmi Bakı bundan sonra da FETÖ ilə mübarizədə Ankaranın yanında olacağını bəyan edib. Təsadüfi deyil ki, daxili işlər naziri Ramil Usubov sentyabrda Ankaraya səfər edərək FETÖ ilə mübarizədə Azərbaycanın Türkiyəyə istənilən dəstəyi verməyə hazır olduğu fikrini bir daha təkrarladı. Ankara FETÖ-nün Azərbaycandakı fəaliyyətinə dair hesabatı artıq Bakıya göndərib. Həmin araşdırmada isim və təşkilatların adı keçir. Yəqin bir müddətdən sonra bu hesabata uyğun olaraq digər addımlar da atılacaq. Ən vacibi FETÖ-nün Azərbaycanda dövriyyədə olan maliyyəsinin həcmi müəyyənləşdirilməli və bu pullar nəzarətə götürülməlidir.
Hələ ki, FETÖ ilə mübarizədə Ankaranın Bakıdan narazılığı yoxdur. Ankaranın FETÖ ilə mübarizədə əsas problemi Qərb ölkələri ilədir. Gülən şəbəkəsi Avropa dövlətləri içərisində Almaniyada güclü mövqeyə malikdir. Berlin Gülənə bağlı mərkəzləri və məktəbləri bağlamayıb. Eyni vəziyyət ABŞ-dadır. Amerikada da Gülənə bağlı mərkəzlər, kurslar, hətta onlarla qeyri-hökumət təşkilatları və fondlar fəaliyyət göstərir. Bundan başqa Gülənin ABŞ və Avropada dövriyyədə kifayət qədər maliyyə vəsaiti var. Ankaranın da ehtiyat etdiyi odur ki, Gülən həmin maliyyə resurslarından növbəti dəfə Türkiyə hakimiyyətinə qarşı istifadə edə bilər”.
Analizdə bildirilir ki, zaman keçdikcə ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etməyəcəyi aydınlaşır: “Vaşinqton bu məsələni uzatmaqla məhkəmə qərarının olmamasına istinad edir. Halbuki, 1980-ci illərin əvvəllərində ABŞ-la Türkiyə arasında əldə edilən razılaşmaya görə hər iki ölkə şübhəli şəxsləri məhkəmə qərarı olmadan da bir-birlərinə ekstradisiya edə bilər. Ərdoğan Vaşinqtondan məhz ona görə narazıdır ki, Ankara beynəlxalq terrorçularla əlaqədə şübhəli bildiyi şəxsləri dəfələrlə məhkəmə qərarı olmadan da ABŞ-a esktradisiya edib. İndi isə Amerika eyni addımı atmaq istəmir.
Hadisələrin gedişatı göstərir ki, Vaşinqton Ankaranın istəyi ilə Fətullah Güləni ev həbsinə də almayacaq. Ankara ondan narahatdır ki, Gülən həm şəbəkəsinə rahatlıqla rəhbərlik edir, tərəfdarlarına təlimatlar, həm də müxtəlif mövzularda jurnalistlərə müsahibələr verir. Vaşinqton bu prosesin də qarşısını almaq istəmir. ABŞ vitse-prezidenti Cozef Bayden sentyabrda Türkiyəyə səfəri zamanı belə bir ifadə işlətmişdi: “Kaş ki, Gülən sığınacaq olaraq Amerikanı seçməzdi...” Bu o demək idi ki, Bayden Gülənə görə iki ölkə arasındakı münasibətlərin soyumasından narahatdır. Görünür, Bayden onu da anlayır ki, Gülənlə bağlı vəziyyət dəyişməzsə nəinki Amerika-Türkiyə münasibətləri soyuq qalacaq, Ankara Vaşinqtonun əsas rəqibi Rusiya ilə daha çox yaxınlaşacaq. Çünki ABŞ-dan fərqli olaraq Rusiya istənilən məsələdə Türkiyə ilə əməkdaşlığa və ya onun maraqlarını nəzərə almağa hazırdır”.
Səxavət