Azərbaycanda idmançıların dopinqdən istifadəsini aşkarlamaq məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır.
“Report”un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: “Yaradılacaq Milli Antidopinq Agentliyinə idmançılarda dopinqin aşkar edilməsi, onun mexanizmi, tibbi müayinələrin aparılması, testlərin tətəqib edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər öz əksini tapacaq”.
O deyib ki, hətta Milli Antidopinq Agentliyinin tərkibində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur.
Azad Rəhimov bildirib ki, hazırda nazirliyin tərkibində belə bir qurum fəaliyyət göstərsə də, o beynəlxalq anti-dopinq təşkialtları tərəfindən tanınmır.