31 Oktyabr 2016 17:36
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 31-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, regiondakı hərbi-siyasi vəziyyət barədə qonağı məlumatlandıran Müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüquq norma və prinsiplərə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını və vasitəçilərin səylərinə baxmayaraq qoşunların qarşıdurma xəttində təxribatlar törətməklə vəziyyəti gərginləşdirdiyini xüsusi qeyd edib.

Nazir eyni zamanda Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq proqramları, o cümlədən NATO çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə alyansa üzv olan və tərəfdaş dövlətlər arasında qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi, Əfqanıstanda həyata keçirilən qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Öz növbəsində Maykl Karpenter ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycan Ordusunun döyüş hazırlığına yüksək qiymət verən qonaq şəxsi heyətin müasir və yeni silahlarla təchiz edildiyini, istənilən təhdidə çevik cavab vermək imkanına malik olduğunu xüsusi qeyd edib.

Qarşılıqlı maraq doğuran görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.


Müəllif: