4 Noyabr 2016 14:22
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının Marneulidən seçilən deputatı Ruslan Hacıyev Gürcüstanda seçki prosesi və nəticələrlə bağlı yazılan məlumatlara görə Azərbaycan mediasını tənqid edib.

Deputat Teleqraf.com-a açıqlamasında bildirib ki, son vaxtlar Azərbaycanın bəzi mətbu orqanlarında, Gürcüstanda baş verən hadisələri qeyri obyektiv, qərəzli, əsası olmayan şəkildə təqdim edir, Azərbaycan oxucusuna yalnış məlumat verirlər: “Bir sıra media orqanlarında son günlər Gürcüstan azərbaycanlıları ilə bağlı məlumatları səhv və təxribat kimi qiymətləndirirəm. Məni narahat edən məsələ məlumatların yanlış təqdim olunmasıdır. Seçki öncəsi və nəticələr elan olunandan sonra Azərbaycanın bir sıra KİV-lərində yayılan məlumatlar həqiqəti əks etdirmir”.

O, Marneulidə 36-cı birmandatlı seçki dairəsinin nəzdində fəaliyyət göstərən 46 seçki məntəqəsində keçirilən II turun nəticələrinə də toxunub. R.Hacıyev təmsil olunduğu partiyanın namizədi Tamaz Naveriani ilə Əhməd İmanquliyevin mübarizəsi barədə danışıb. Əhməd İmamquliyevin səslərinin saxtalaşdırıldığı ilə bağlı deyilənlərə belə cavab verib: “Kimin harada və nə dediyi ilə bağlı fikir söyləmək niyyətində deyiləm. Gürcüstanda keçirilən parlament seçkiləri tam şəffaf və demokratik şəraitdə keçirilib”.

Deputat Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin Tamaz Naverianiyə açıq dəstək verməsi və onunla görüşdüyü barədə yayılan xəbərlərə belə münasibət bildirib: “Bu barədə səfirin özündən soruşsanız, daha yaxşı olardı”.

Sosial şəbəkələrdəki müzakirələrdə səfir Azər Hüseyn azərbaycanlı namizədi dəstəkləmədiyinə görə sərt tənqid edilib. Onun gürcü namizədlə görüşdən fotoşəkli yayılıb.

Azərbaycanlı deputat ötən gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində ölüm hadisəsinə də münasibət bildirib. Qeyd edək ki, ötən gün səhər saatlarında svan (gürcüdilli xalq) olduğu güman edilən gənclə bazarda çalışan 50 yaşlı azərbaycanlı, Marneuli şəhər sakini Məlahət Məmmədova arasında mübahisə olub, gənc qadına qarşı güc tətbiq edib, nəticədə yerə yıxılan qadının başından zərbə alaraq öldüyü deyilir.

Ruslan Hacıyev isə qeyd edib ki, bu faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır: “Marneulidə bütün Gürcüstan şəhərlərində olduğu kimi həyat sakit, rahat və öz axarında davam edir. Heç bir narahatlıq yoxdur”.

Xatırladaq ki, oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda “Vahid Milli Hərəkat” partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48,11%, “Gürcü Arzusu”nun namizədi Tamaz Naveriani isə 43,43% səs toplamışdı. II turdan sonra Ə.İmamquliyev seçkilərin ədalətli keçirilmədiyini, T. Naveriani isə II tur seçkilərinin azad, şəffaf və demokratik keçirildiyini bildirib.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər