Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya parlamentinin Xarici əlaqələr və portuqal icmaları komitəsinin vitse-prezidenti Pedro Filipe Soares ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərarası əlaqələrin və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı üzv ölkələri və Aİ ilə əlaqələrindən danışaraq Aİ Şurasının verdiyi mandat əsasında Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə tezliklə danışıqlara başlanılmasının müsbət addım olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, bu saziş nəticə etibarilə Azərbaycan və Aİ arasında əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq.
Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti barədə həmsöhbətinə məlumat verərək Ermənistanın desktruktiv və təxribatçı addımlarla danışıqları pozmaq siyasəti yürütdüyünü vurğulayıb.
Pedro Filipe Soares bu səfərin iki ölkə arasında siyasi dialoqun güclənməsinə və əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini deyib. O, Portuqaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəklədiyini diqqətə çatdırıb.
Həmçinin, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.