17 Noyabr 2016 22:10
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan “RİA Novosti”yə müsahibə verib. S.Sərkisyan müsahibəsində bir sıra məqamlara toxunub. O, ölkəsinin Azərabycanın ərazi bütövlüyünü tanıdığını, lakin Dağlıq Qarabağ probleminin həllində xalqların öz müqəddəratını təyin etməsinin nəzərə alınmalı olduğunu bildirib.

“Əgər biz xalqların öz müqəddaratını təyin etməsini inkar ediriksə, o zaman Sovetlər Birliyinin tərkibindən də çıxmamalı idik” deyən S.Sərkisyan Ermənistanda yerləşdirilən “İsgəndər” raketləri barədə də danışıb. Bildirib ki, Rusiyanın “İsgəndər” raket komplekslərinin ölkə ərazisində yerləşdirilməsi məcburiyyətdən atılmış addımdır. Onun sözlərinə görə, “İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. “Hesab edirəm ki, bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən yeni silahlar alıb. Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə “antizəhər” tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq”.

Təcavüzkar ölkənin prezidenti, həmçinin, təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı ilə İrəvan arasında “qaynar xətt”in yaradılması təşəbbüsü ilə də çıxış edib.

S.Sərkisyanın açıqlamalarına münasibət bildirən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib ki, Ermənistan prezidenti bu müsahibə ilə əslində növbəti təxribata əl atıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ötən ay “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində rəsmi Bakının Dağlıq Qarabağa ən yüksək status, hətta muxtar respublika statusu verməyə hazır olduğunu bildirib: “Belə olan halda Ermənistan prezidenti hesab etdi ki, beynəlxalq təzyiqlə üzləşəcək. Deyəcəklər ki, Azərbaycan kompromisə hazırdır, Ermənistan isə kompromisə getmək istəmir. Ona görə də beynəlxalq ictimai fikri çaşdırmaq üçün yeni təkliflər irəli sürməyə başlayıb. Bilir ki, bu təkliflər qəbuledilməzdir. Bununla da növbəti dəfə tənzimləmə prosesini dalana dirəmək istəyir”.

E.Nəsirov qeyd edib ki, guya Ermənistan ərazi bütövlüyü prinsipini qəbul edir, lakin eyni zamanda xalqların öz müqəddəratını təyinetmə hüququ var və bunlar bir-biri ilə ziddiyyət təşkil etmir: “Guya Dağlıq Qarabağdakı erməni icması da məhz ikinci prinsipə üstünlük verib. Ona görə də erməni xalqının bu seçiminə hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda Ermənistan prezidenti təklif edir ki, iki ölkə arasında “qaynar xətt” yaradılmalıdır. Fikir verirsinizə, o deyir, atəşkəsin pozulması halları baş verərkən dərhal Azərbaycan Prezidentinə zəng etsin, ona bildirsin və Azərbaycan tərəfi ölçü götürsün. Daha demir ki, atəşkəsi pozan elə Ermənistandır. Bunlar özünü elə göstərməkdir ki, guya Ermənistan atəşkəsi pozmur, Ermənistan sülhpərvər dövlətdir, atəşkəsin pozulma halları olsa, bu, ancaq Azərbaycan tərəfdən baş verə bilər. Halbuki, tamamilə əksinədir. Ona görə də Ermənistan tərəfi yenidən manipulyasiya, beynəlxalq ictimai fikri aldatmaqla məşğuldur. Hesab edirəm ki, Sərkisyanın son bəyanatı Ermənistanın əslində münaqişənin həllində maraqlı olmadığını bir daha nümayiş etdirir”.

Deputat S.Sərkisyanın “İsgəndər” raketləri ilə bağlı dediklərini də Ermənistanın növbəti təxribatı adlandırıb. O bildirib ki, işğalçı tərəf Ermənistandır və işğal faktını bir çox beynəlxalq təşkilatlar etiraf edib, bunu öz sənədlərində yazıblar: “S-300 zenit-raket kompleksləri, eyni zamanda “İsgəndər” raketləri Ermənistan üçün müdafiə baxımından əhəmiyyət kəsb edə bilər. Amma Ermənistan təcavüzkar dövlətdir. O başqasının ərazisini işğal edib. Bu nöqteyi-nəzərdən Ermənsitanın bu silahlarla təchiz olunması müdafiə anlamında deyil, ilk növbədə təcavüzkarın şirnikləndirilməsi və mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət edir. Azərbaycanın ən müasir silahlar almasının səbəbi odur ki, ölkəmizin ərazisi işğal altındadır və biz torpaqlarımızı ilk növbədə dinc yolla geri qaytarmaq istəyirik. Amma bu baş vermədikdə hərbi yol da bizim üçün qaçılmaz ola bilər. Ona görə bizə bu silahlar lazımdır. Amma Ermənistanın bu addımı ilk növbədə təcavüz aktının qorunub saxlanılması mənafeyinə xidmət göstərir və bunlar tamamilə başqa şeylərdir. Ermənsitan yenə də özünü sülh göyərçini qismində göstərmək istəyir. Guya ki, onun ölkəsinin münaqişə ilə bağlı sülhpərvər mövqeyi var və bütün bu silahlanma da yalnız sülh mənafeyinə xidmət edir. Bu isə nonsensdir”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər