19 Noyabr 2016 15:14
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə ünvanlanmış məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib və yayılıb.

Teleqraf.com-un məlumatına görə, məktubda xatırladılır ki, BMT Baş Məclisinin 5 noyabr 2001-ci il tarixli, həmmüəlliflərindən birinin Azərbaycan olduğu qətnaməsinə uyğun olaraq hər il noyabrın 6-da Beynəlxalq Müharibələr və hərbi münaqişələr dövründə ətraf mühitin istismarının qarşısının alınması günü qeyd edilir.

Azərbaycanlı diplomat bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində suveren Azərbaycanın ərazisinin təxminən 20 faizi işğal edilib, on minlərlə insan həlak olub, bir milyondan çox azərbaycanlı öz evlərindən zorla qovulub və əmlakından məhrum edilib. Bu təcavüz həm də ətraf mühitə meşələrin məhv olunmasında, torpaqların yandırılmasında, münbit torpaqların deqradasiyasında, su resurslarının çirkləndirilməsində və heyvanların tələf olmasında təzahür edən dağıdıcı təsir göstərib.

Bununla əlaqədar BMT Baş katibinin diqqəti ona cəlb edilir ki, Azərbaycanda xüsusi ekoloji mühafizə altında olan ərazilərin ümumi sahəsi 890.000 hektardır. Hazırda bu ərazilərin 42.997 hektarı, o cümlədən 152 təbii abidə, 5 geoloji obyekt, 2 təbii qoruq, 4 qoruq zonası və 7 göl ermənilərin hərbi işğalı altındadır. Bundan əlavə 247.352 hektar meşə, o cümlədən yüzlərlə nadir ağac cinsinin, məsələn çinar, qoz ağacı, palıd, həmişəyaşıl şümşad, Eldar şamı, xurma və digər ağac növlərinin təmsil olunduğu 13.197 hektar qiymətli meşə işğal altındadır.

Məktubda vurğulanır ki, münaqişənin lap əvvəlindən Ermənistan silahlı qüvvələri Azərbaycanın ətraf mühitinə, o cümlədən onun işğal olunmuş ərazilərində bilərəkdən geniş miqyaslı uzunmüddətli və ciddi ziyan vurublar.

Bundan əlavə, BMT Baş katibinin nəzərinə çatdırılır ki, Azərbaycanın işğal edilmiş ərazilərində təbii resurslardan vəhşicəsinə istifadənin davam etməsi nəticəsində regiona ciddi ziyan vurulur. Xüsusi qeyd edilir ki, bu cür istismar Ermənistana, eləcə də həmin ərazilərdə onun yaratdığı və ona tabe olan separatçı rejimə xeyli mənfəət gətirir, bu mənfəətdən şəxsi varlanmaq və müharibəni maliyyələşdirmək məqsədilə istifadə edilir.

Azərbaycanın daimi nümayəndəsinin məktubunda ciddi narahatlıq doğuran daha bir məsələ – Azərbaycanın işğal edilmiş ərazilərindən qanunsuz şəkildə daşınan oduncaqla alver məsələsi qaldırılır. Məktubda deyilir: “Təkcə 1993-cü ildə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistana təqribən 206.600 kubmetr qiymətli oduncaq növü daşınıb. 1996-cı ildə Azərbaycanın işğal altında olan Zəngilan rayonunun Leşkər meşə zonasında 55 hektar sahədə 1957 və 1958-ci illərdə əkilmiş qoz ağacları kəsilib.

2003-cü ildə işğal edilmiş ərazilərdə təqribən 10.000 ədəd qoz ağacı kəsilib. 2010-cu ildə təqribən 45.359 kubmetr, 2013-cü ildə 96.237 kubmetr oduncaq tədarük edilib. Əldə olan sənədlərə görə, işğal edilmiş ərazilərdə meşələrin qanunsuz qırılması miqyası artmaqdadır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər