29 Noyabr 2016 16:19
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə müxtəlif sənədlərə imza atdı. Siyasi müstəvidə iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya davam edir.

Birincisi, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur. “Belarus Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həllinin tərəfdarıdır” fikri prezidentlərin imzaladıqları birgə bəyanatda da yer aldı. Bu bənddə “ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı” cümləsinə xüsusi yer verildi”. Teleqraf.com-un məlumatına görə, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik hesabatda əksini tapıb.

Qeyd olunur ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi bunun nəticəsidir. Yazıda Prezident İlham Əliyevin sözlərindən sitat gətirilir: “Biz beynəlxalq qurumlarda bir-birimizi fəal dəstəkləyirik. Bizim ya Belarusun, ya da Azərbaycanın üzv olmadığı təşkilatlarda həmişə bir-birimizi dəstəkləməyimiz, söz deməyimiz xüsusilə dəyərlidir. Bu, xüsusilə əhəmiyyətlidir. Çünki əgər sən hər hansı təşkilatın üzvüsənsə, iclaslarında iştirak edirsənsə, həmişə yalana, böhtana, ədalətsizliyə cavab verə bilərsən. Lakin Belarus Azərbaycanın iştirak etmədiyi bəzi təşkilatların üzvüdür, həmçinin biz Belarusun iştirak etmədiyi bəzi təşkilatların üzvüyük. Ancaq bilirik ki, əgər bu qurumlar çərçivəsində ölkələrimizə qarşı əsassız hücum cəhdləri olarsa, biz həmişə öz prinsipial mövqeyimizi bildirəcəyik. Bu, çox dəyərlidir. Düşünürəm ki, burada iştirak edənlər mənim nə barədə danışdığımı bilirlər”.

Yazıda daha sonra bildirilir: “Aydındır ki, İlham Əliyev Belarus prezidentinin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistan prezidentinin Azərbaycan əleyhinə yönəldilmiş siyasətinə mane olduğunu nəzərdə tutur. Bir neçə dəfə bu cür toplantılarda Belarus və Qazaxıstan prezidentləri Ermənistan prezidentinin Azərbaycan əleyhinə təşəbbüslərinin qarşısını alıblar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan toplantısı da buna nümünədir. Belarus prezidenti həmin toplantıdan narazı qaldığını Ermənistan paytaxtında keçirilən birgə mətbuat konfransında açıq dedi, gündəmə çıxarılan mövzuların çiy olduğunu vurğuladı. Digər tərəfdən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İrəvan toplantısında iştirak etməməsi isə Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katibin seçilməsinə imkan vermədi. Həmin baş katib Ermənistanın təmsilçisi olmalı idi.

Aleksandr Lukaşenko Azərbaycan-Ermənistan qarşıdurmasına praqmatik nöqteyi-nəzərdən yanaşır. Lukaşenko Azərbaycana gəldiyi qədər Ermənistana getmir. Çünki, Lukaşenko bilir ki, Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Lukaşenkoya isə hazırda məhz yeni bazarlar lazımdır. Belarus prezidentinin Azərbaycana səfəri də məhz bu faktorla bağlı idi. Digər tərəfdən Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktualdır.

Lukaşenko Rusiyadan narazıdır. Baxmayaraq ki, iki dövlət müttəfiq sayılırlar və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarları var, ancaq Minsk narazıdır. Lukaşenko haqlı olaraq deyir ki, “bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar”. Lukaşenko ona işarə vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb. Bu baxımdan kasıb Ermənistan Lukaşenko üçün maraqsızdır. Ona görə də Lukaşenko Azərbaycanla Ermənistan arasındakı münaqişədə birincinin tərəfini seçib. Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.

Bakıdakı görüşdə prezidentlərin əsas fikri bundan ibarət oldu ki, iki ölkə arasında qısa müddət ərzində ticarət dövriyyəsi artırılmalıdır. Bunun üçün potensial var. Məsələn 2017-ci ildə Belarusla Azərbaycan arasındakı əmtəə dövriyyəsinin həcminin 700 milyon dollara çatdırılması planlaşdırılıb. Lukaşenkonun Bakıya verdiyi təkliflərdən biri budur: “Biz Azərbaycanda kənd təsərrüfatı müəssisələrini tam təhvil verməyə hazırıq”. Artıq iki ölkə arasındakı əməkdaşlığın konkret nümunəsi var: Gəncədə Belarus markalı traktorların istehsalına başlanılıb.

Bundan başqa Belarus Azərbaycanın dərman istehsalı bazarına da maraq göstərir. Azərbaycan dərman istehsalında tamamən idxaldan asılıdır. Azərbaycan hökuməti bu asılılığı azaltmaq üçün müxtəlif dövlətlərlə danışıqlar aparır. Bakı ətrafında bir neçə dərman zavodunun tikintisi başlayıb. Azərbaycan hökuməti bu işə böyük vəsait ayırıb. Ona görə də müxtəlif dövlətlər pay almaq istəyirlər. Azərbaycanda dərman istehsalına əsas iki ölkə maraq göstərir: Rusiya və İran. Belarus da bu prosesə qoşulmaq istəyir. Vaxtilə Belarus Azərbaycan kimi dərman idxalından asılı idi. Hazırda isə istifadə olunan dərmanların yarından çox Belarusda istehsal olunur”.

Həmçinin, bildirilir ki, A.Lukaşenko Bakıya səfəri zamanı iki ölkə arasında enerji əməkdaşlığından da danışıb: “Bu Lukaşenko üçün vacib mövzu idi. Çünki, Belarus prezidenti son zamanlar Rusiyanın Belarusa münasibətdə enerji siyasətindən narazıdır və alternativ imkanlar axtarır. Ancaq “Belarus Azərbaycan neftini hansı yolla ala bilər və qiymət baxımından bu hər iki ölkənin maraqlarına cavab verəcəkmi” sualı hələ ki, açıq qalır. Buna İlham Əliyevin bu sözləri də dəlalət edir: “Energetika sahəsində əməkdaşlıq uzunmüddətli və möhkəm olmalıdır. Çünki neft əməliyyatları və neft ixracatı sahəsində əlbəttə ki, uzunmüddətli tədarüklər lazımdır”. Buna baxmayaraq, Lukaşenko Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana və Ukraynaya qoyduğu yatırımların onun ölkəsinə istiqamətlənməsinə də ümidlidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər