4 Yanvar 2017 10:39
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ölkənin ictimai-siyasi həyatında bir sıra mühüm hadisələrlə əlamətdar oldu. Bəs ölkədəki partiyalar üçün 2016-cı il necə yadda qaldı?

“Referendumda aktiv iştirakı YAP-ın uğuru sayırıq”

Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev 2016-cı ildə Azərbaycanın qazandığı uğurlarda YAP-ın da özünəməxsus payı olduğunu bildirdi: "Ölkə həyatındakı uğur və nailiyyətləri bir-birindən ayırmaq lazım deyil. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib, partiyanın strukturları, rayon və şəhər təşkilatlarında partiya işi mütəmadi olaraq davam edib, təşkilatlanma mükəmməlləşdirilib. Partiyanın beynəlxalq əlaqələrinin daha da genişlənməsi istiqamətində də mühüm addımlar atılıb. YAP nümayəndələri həm Avropa, həm də Asiya ölkələrində üzv olduğumuz təşkilatların tədbirlərinə qatılıb. Ən başlıca uğurumuz isə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində YAP-ın təşəbbüsü ilə yaradılmış “Yeni Azərbaycan” təşviqat qrupunun strukturlaşmış formada çox yaxından iştirak etməsi ilə bağlıdır. Təşviqat qrupunun dəstəklədiyi Konstitutsiyaya dəyişikliklər Azərbaycan xalqı tərəfindən yekdilliklə və birmənalı olaraq qəbul olundu. YAP-ın 2016-cı ildə əldə etdiyi ən böyük uğurlarından biri kimi bunu da qeyd etmək lazımdır”.

“2016-cı il BAXCP həyatında fəal dövr oldu”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, partiyalar ölkənin siyasi həyatının tərkib hissəsidir və təmsil olunduğu partiya 2016-cı ildə də hər zaman olduğu kimi aktiv şəkildə fəaliyyət göstərib: “Ölkədə baş verən hadisələrə dərhal reaksiya vermişik, partiya sədri millət vəkili Qüdrət Həsənquliyev parlamentdə kifayət qədər fəal olub, ölkənin qarşısında duran problemlərlə bağlı fikirlərini səsləndirib. Yola saldığımız ilin BAXCP həyatında fəal dövr olduğunu düşünürəm”.

Onun sözlərinə görə, siyasi təşkilatların həyatında aktiv hadisələr seçki müddətində baş verir: “Şübhəsiz növbəti seçki illərində daha aktiv proseslərin baş verəcəyi dövr partiya həyatını da fəallaşdıracaq”.

Sədr müavini vurğulayıb ki, BAXCP-nin təşkilatlanma işi istiqamətində də bu il ərzində ciddi addımlar atılıb, təşkilatın sıraları genişlənib: “2016-cı ili bütünlükdə partiyamız üçün uğurlu il hesab edirəm. Beynəlxalq əlaqələrimizin inkişafı baxımından 2015-2016-cı ildə ciddi addımlar atılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tam hüquqlu üzvü olmuşuq. Bu Alyans deputat sayına görə Avropa Parlamentində üçüncü yerdədir. Alyans üzvlərinin Bakıya səfəri və tədbirlərində aktiv iştirakımız da BAXCP-nin həyatında önəmli hadisə hesab oluna bilər”.

“Bu il Aprel döyüşləri ilə yadda qaldı”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, 2016-cı il rəhbərlik etdiyi partiyanın həyatında cari illərdən biri oldu: “Partiyamız cəmiyyətdən kənarda deyil və bu il millətimizin həyatında mühüm hadisə - Aprel döyüşləri oldu. Bu, Azərbaycan üçün çox ciddi və önəmli məsələdir. Uzun illər ordumuz, əsgərlərimiz haqda, problemin həlli istiqamətində iş görməməyimiz barədə xeyli məsələlər vardı, beynəlxalq aləmi, ATƏT-in Minsk qrupunu və başqalarını qınayırdıq. Azərbaycan əsgəri nəhayət, Qarabağ problemini öz şücaəti ilə həll edəcəyini isbatladı. Bu, Azərbaycan cəmiyyətində böyük inam yaratdı. Sosial-iqtisadi problemlər zaman keçəcək, unudulacaq, yadda qalansa Aprel döyüşləri, şəhidlərimiz olacaq. Onların ruhları şad olsun!”

“ADP-nin həyatında ürəkaçan hadisə olmayıb”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiya həyatında 2016-cı ildə yaddaqalan xüsusi əlamətdar hadisə olmadığını deyib. Onun sözlərinə görə, siyasi təşkilatlar da cəmiyyətin bir parçası olduğundan cəmiyyətdə baş verən proseslər onların həyatına təsir göstərir: “Sosial-iqtisadi vəziyyətlə əlaqədar vətəndaşların siyasi aktivliyi aşağı düşüb və partiyamıza ciddi təsir göstərib. Faktiki olaraq partiyada passivlik müşahidə olunur, üzvlərin siyasi həyatdan daha çox sosial problemlərin həllinə cəhd etmələri müşahidə olunur. Bu il partiyamızın həyatında ürəkaçan hadisə olmayıb”.

O, qurultay keçirilməsi məsələsinə də toxunub: “Formal olaraq təqvimi qurultay keçirmək olar, ancaq bunu düzgün saymıram. Gərək ölkə həyatında hansısa ciddi hadisə yarana ki, qurultay keçirə bilək. Əslində bizim partiyamız nəzərdə tutulan qurultayların sayından artıq qurultay keçirib. Yarandığımız gündən bu günədək hər 5 ildən bir qurultay keçirməli idiksə, amma biz 12-13 dəfə, bir ildə 2-3 dəfə qurultay keçirmişik. Çünki partiya həyatında və ölkədə elə ciddi dönəmlər olub ki, qurultayın çağırılmasını vacib hesab etmişik. Bəzi partiyalar var məlumat yayır ki, qurultay çağırılıb. Ancaq harada və necə keçirildiyi barədə kiminsə xəbəri olmur. Sadəcə mətbuata məlumat ötürür ki, qurultay keçirilib. Bu cür formal qurultayı keçirmək çətin deyil. Ancaq ADP qurultay çağıranda başqa partiya nümayəndələrini, xarici səfirləri, QHT təmsilçilərini dəvət edir, qurultay şəffaflıq şəraitində baş tutur, formal yox, faktiki proses olur. Nizamnaməmiz imkan verir ki, daha az sayda adamla - 20-30 nəfərlə də qurultay keçirək. Nizamnaməyə kosmetik dəyişiklik edib öz aramızda yığışıb işi bitirə bilərik. Ancaq mən bu cür formalizmin qəti əleyhinəyəm. Zərurət olacağı təqdirdə, məsələn partiya sədrinin, siyasi təşkilatın siyasi kursunun dəyişməsi zərurəti yaranarsa, qurultay çağırarıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər