“Qərb Rusiyanın dünyadakı rolunu tanımağa məcburdur”
Teleqraf.com politoloq Rüstəm Məmmədovla müsahibəni təqdim edir.
- Rüstəm müəllim, hazırda ABŞ-da son prezident seçkilərinə Rusiyanın müdaxiləsi ciddi müzakirə edilir. Bununla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi Konqresə, Trampa və Obamaya xüsusi hesabat da təqdim edib. Sizcə, bu proses nə ilə yekunlaşa bilər?
- Amerika nəhəng, inkişaf etmiş güclü dövlətdir. Amerikaya heç kim heç nə edə bilməz. Xüsusilə qeyd edim ki, ABŞ bir dövlət olaraq seçkilərini özü keçirir, heç kəs də seçki prosesinə nüfuz edə bilməz. Bu deyilənlər boş söhbətdir.
- O halda niyə belə məsələlər ortaya atılır?
- Fikrimcə, bunu edən maraqlı qüvvələr var. Müəyyən qüvvələr var ki, onlara Donald Trampın prezident seçilməsi sərf etmirdi və ya onlar bunu istəmirdi. Nəticədə Tramp seçkidə qalib gəldi. İndi Trampa qarşı qərəzli xətt yürüdürlər.
- Sizin ABŞ-dan gözləntiniz nədir?
- Hesab edirəm ki, yanvarın 20-də Donald Tramp prezident olaraq səlahiyyətlərinin icrasına başlayacaq. Fikrimcə, bundan sonra mütləq dəyişikliklər müşahidə edəcəyik. Ehtimal edirəm ki, Amerikanın Şərq siyasəti tamamilə dəyişəcək. Yəni həm keçmiş sovetlər birliyi, həm də Yaxın Şərq siyasəti dəyişməlidir. ABŞ prezidenti Donald Tramp bunu hələ seçkilərdən əvvəl və seçkilərdən sonra bəyan etdi. Açıq dedi ki, Amerikanın qırx il müddətinə mövcud olan Şərq siyasəti tamamilə iflasa uğrayıb. Xüsusilə Türkiyə hadisələrindən sonra. Odur ki, yeni administrasiya bu məsələləri təhlil edəcək və Şərq siyasəti yenidən qurulacaq.
- Yəni yeni Şərq siyasətinin qurulması üçün daha bir neçə il lazım gələcək?
- Xeyr. Nəzərə alın ki, Amerika qüdrətli ölkədir. Hesab edirəm ki, yeni Şərq siyasətinin qurulması bir ay müddətində həll edilə bilər. Orada institutlar, araşdırma mərkəzləri işləyir.
- Sizcə. yeni Şərq siyasətinin mahiyyətində nə duracaq?
- Mənə elə gəlir ki, Amerika inkişafa doğru gedəcək. Amerika "Ərəb baharı"ndan imtina edəcək. Çalışacaq ki, ərəb ölkələri ilə yeni siyasət daha səmimi əsaslar üzərində qursun. Çünki Yaxın Şərq siyasəti Amerika üçün iflasedici xarakter daşıyır. O cümlədən Vaşinqtonun Türkiyə siyasəti. Amerika faktiki olaraq Türkiyəni itirdi. İndi yeni ABŞ rəhbərliyi münasibətləri əvvəlki müstəviyə qaytarmaq üçün yollar tapmalıdır. Ya Fətullah Güləni Ankaraya qaytarmalıdır, ya da başqa yollar seçməlidir. Mən hesab edirəm ki, buna oxşar yeniliklər hökmən olacaq.
- Hazırda dünyada müşahidə edilən geosiyasi durumla bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, geosiyasi vəziyyət çox təhlükəlidir. Geosiyasi durum mürəkkəbdir, çətin problemlərlə müşahidə edilir. Ən böyük çətinlik isə sözsüz ki, iqtisadi problemlərdir. İqtisadi durumun ağırlaşması dünyanı müharibəyə doğru sürükləyir. Mənə elə gəlir ki, Tramp siyasətini iqtisadi model üzərində işləyib dünyanı fəlakətli yoldan çəkindirməlidir.
- Bəzi analitiklər ehtimal irəli sürürlər ki, dünya III Dünya Müharibəsinin ərəfəsindədir...
- Əslində III Dünya Müharibəsi çoxdan gedir, sadəcə biz onu duymuruq. Lakin hesab edirəm ki, bu müharibənin daha geniş şəkildə alovlanmasına şans vermək olmaz. Bunun qarşısı alınmalıdır. Mənə elə gəlir ki, əsas məqsəd bundan irəli gəlir.
- İndiki mərhələdə Yaxın Şərqdə, ələlxüsus Suriyada ABŞ və Avropanın rolu aktiv deyil. Əvəzində Rusiya, İran və Türkiyə daha aktiv rol oynayır. Sizcə, nə baş verir?
- Amerikanın Yaxın Şərq üzrə siyasəti zəiflədi, bu da öz nəticəsində başqa dövlətlər üçün geniş şanslara yol açdı. Bilirsinizmi, Yaxın Şərqdə Amerikaya olan hörmət və izzət qəfildən azalmağa başladı. Ərəb inqilabları ərəb dünyasını çıxılmaz vəziyyətə saldı. Ona görə də, indi ərəb dünyasını ABŞ özünə qaytarmağa çalışmalıdır. Bunu necə edəcəyini isə gələcək göstərəcək.
- Suriya böhranının taleyi necə olacaq, Türkiyə, Rusiya və İran Yaxın Şərqdə stabillik əldə edə və onu qoruya bilər?
- Əslində baxanda Suriya uzun illər Rusiyanın təsiri altında fəaliyyət göstərən dövlət idi. Çalışdılar ki, Suriyanı Rusiya əleyhinə yönəltsinlər, ancaq bu alınmadı. Bu da son nəticədə Suriya faciəsinə gətirib çıxardı. İndi bir müddətdən sonra Suriya öz problemlərini sahmana salacaq. Bunun üçün atəşkəs olmalıdır.
- Qərb bu prosesə necə yanaşacaq?
- Hazırda Qərb Rusiyanın bu fəaliyyətinə qısqanclıqla yanaşır. Amma bu faktdır ki, Rusiya tutduğunu buraxmaz. Bu gün Rusiyanın siyasəti Suriyanı Yaxın Şərqdə aparıcı dövlət kimi qoruyub saxlamaqdır. Hesab edirəm ki, Rusiya buna nail olacaq. Bir sözlə, Rusiya özünün keçmiş mandatı olan ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışacaq. Qərb isə məcburdur ki, bu prosesi müşahidə etsin. Dünya vaxtı ilə bölünüb və bu bölgünü pozmaq niyyəti Qərbi Rusiya ilə toqquşdurdu. Və dünya müharibəsini yaxınlaşdırdı. Bu gün tərəflər köhnə varianta qayıtsalar məsələlər bununla da bitəcək.
- Qərb yeni dünya düzəni formalaşdırmağa çalışır. Bunun üçün bəzi ölkələrdə hakimiyyətlər devrildi, milyonlarla insan öldürüldü. Bu halda köhnə varianta qayıtmaq nə dərəcədə realdır?
- Məncə, Qərb əvvəlki varianta qayıtmağa məcburdur. Rusiya nüvə ölkəsidir. Onunla zarafat etmək olmaz. Onunla hesablaşmaq lazımdır. Rusiya ilə hesablaşmamaq onu bir qədər də qızışdırmaq və prosesləri dərinləşdirmək deməkdir. Hesab edirəm ki, Qərb dünyası məcburdur ki, Rusiyanın dünyadakı rolunu tanısın.
- Rusiyanın iqtisadiyyatının çökdüyü, sanksiyaların ona ciddi zərbələr vurduğu deyilir. Rus iqtisadiyyatının potensialı haqda deyilənlər realdırmı?
- Rusiyanın potensialı kifayət qədər möhkəmdir. Rusiya elədiyini başa düşür. Özünə arxayındır deyə, bu addımları atır.
- Ancaq beynəlxalq arenada müttəfiqləri yoxdur...
- Müttəfiq heç kəsə lazım deyil. Hərə öz başının çarəsini qılır. Kim necə bacarır, o cür də başını saxlayır.
CAVAD