13 Yanvar 2017 14:12
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polşa və Baltik ölkələrinə köçürülən ABŞ hərbi qüvvələrinin əhəmiyyəti sırf hərbi baxımdan sıfıra bərabərdir. Əgər dünya müharibəsi başlasa, bu qüvvələrin hərbi tərəzidə çəkisi olmaz. Nəzərə alın ki, III Dünya Müharibəsi nüvə müharibəsi olacaq. Qarşı tərəflər bir-birinə var gücü ilə zərbələr endirəcək və bununla da bəşəriyyətin sonu çatacaq, Yer kürəsində həyat olmayacaq. Bu, istər nüvə, istərsə də hərbi sahədə çalışan alimlərin araşdırmalar, riyazi hesablamalar əsasında gəldiyi nəticədir. Nüvə müharibəsi bəşəriyyətin sonudur. Bu mənada ABŞ hərbi qüvvələrinin müəyyən kontingentinin Polşa və Baltik ölkələrində yerləşdirilməsinin xüsusi hərbi əhəmiyyəti yoxdur. Rusiya və ABŞ arasındakı hərbi balansda bu briqada heç nədir”.

Bunu Teleqraf.com-a siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

Qeyd edək ki, son günlər prezident Obamçanın aldığı qərarlara uyğun olaraq, ABŞ hərbi qüvvələrinin müəyyən hissəsi Polşa və Baltik ölkələrinə gətirilir. Buraya ümumi sayı 2.800 olan hərbi texnika və silah daxildir. Siyahıya 87 ədəd Abrams M1A1 tankı, yüzlərlə zirehli texnika, 20 Paladin markalı motorlu mərmi, 136 ədəd Bradley savaş avtomobili daxil edilib.

Ötən həftə dəniz yolu ilə Almaniyanın Bremerhaven limanına çatan əsgəri konvoy bu gün Rusiya sərhədinə çatıb. Polşadan sonra Baltikyanı ölkələrə də hərbi kontingent yerləşdiriləcək. NATO-ya üzv olan İngiltərə, Kanada, Almaniya da Rusiya sərhədinə 1000 hərbçi göndərib. Polşa, Baltikyanı ölkələr, Rumınya və Bolqarıstana hərbi kontingent yerləşdiriləcək. Bundan sonra ABŞ başda olmaqla NATO Rusiya sərhədində təlimlərə başlayacaq.

Prezident Putinin sözçüsü Dmitri Peskov BBC-yə deyib ki, ABŞ-ın hərəkəti bizim maraqlarımıza və təhlükəsziliyimizə hədə yaradır: “Bizim sərhədimiz boyunca hərbi qüvvə cəmləşdirən üçüncü bir tərəfdir və bu ölkə heç Avropada da deyil”.

Rusiya xarici işlər nazirinin müavini Aleksey Meçkov ABŞ qoşunlarının Polşaya gətirilməsini “Avropada təhlükəsizlyi sabitsizləşdirən addım” adlandırıb.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, ABŞ hərbi kontingentinin bu ərazilərə gətirilməsinin ancaq siyasi əhəmiyyəti var: “Polşada müəyyən siyasi qüvvələr bundan xal qazanır. Deyir ki, Rusiyadan təhlükə var, buna qarşı NATO müvafiq razılaşmaya əsasən, onun ərazisini qorumalıdır. ABŞ-da göstərir ki, mən bu ərazilərin hamisiyəm. Sual olunur: Rusiya Polşaya və Baltik ölkələrinə müdaxiləyə hazırlaşırmı? Rusiya NATO ilə müharibə istəyirmi? Təbii ki, yox! Bu halda indiki konsentrasiya nəyə xidmət edir? Təbii ki, siyasi məqsədlərə. Obama göstərir ki, Rusiyaya müqavimət göstərmək iradəsinə malikdir, Polşa göstərir ki, Rusiya təhlükəsindən polyak xalqını müdafiə etmək üçün tədbirlər görür. Rusiya isə NATO ilə müharibəyə hazırlaşmır. Eyni zaman da NATO da Rusiyaya müharibə elan etməyə hazırlaşmır. Çünki bu dünyanın sonu olardı. Sovet dövründə deyirdilər ki, SSRİ və ABŞ bir-birini 430 dəfə məhv etməyə hazırdır. Ancaq hərçənd ki, bir hücum hazırdır ki, Yer kürəsi məhv olsun”.

Politoloq qeyd edib ki, siyasi çəkişmələr, bir-birinə hədə-qorxu gəlmək maddi resurslardan istifadə etmək uğrundadır: “NATO istəyir ki, dünya ona tabe olsun, oyun qaydalarını özü müəyyən etsin. Rusiya hakim zümrəsi isə deyir ki, postsovet məkanı mənimdir və burada istədiyimi edəcəyəm. Amma ciddi müharibə təhlükəsi yoxdur. Fərz edin ki, dünyada nüvə müharibəsi başlayır. Rusiya Avropaya zərbə endirməlidir. Putinin qızı isə Hollandiyada yaşayır. Bəyəm Hollandiyaya nüvə zərbəsi endiriləcək? Qarabağ, Suriya, Ukrayna, ərəb coğrafiyası isə dünya müharibəsi üçün əsas deyil. Odur ki, indiki mərhələdə Polşa və Pribaltikada ABŞ ordusunun yerləşdirilməsi siyasi məqsədlə bağlıdır”.

Cavad


Müəllif:

Oxşar xəbərlər