13 Fevral 2017 19:16
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik artıb. Ermənistan ordusu əvvəlcə dekabr ayında təmas xəttində təxribat yaratmağa cəhd etdi, bu günlərdə isə düşmənin daha bir təxribat cəhdinin qarşısı alındı. Bəs, Ermənistanın son vaxtlar cəbhə xəttində gərginliyi mütəmadi olaraq artırması nə ilə bağlıdır?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bununla bağlı Prezident İlham Əliyevin son açıqlamalarına diqqət yetirmək lazımdır: “Prezident Milli Qəhrəman Çingiz Qurbanovun valideynləri ilə görüş zamanı bildirdi ki, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Prezident qeyd etdi ki, biz öz ərazimizdə müharibə aparırıq. Dövlət başçısı daha öncə də demişdi ki, erməni əsgərlərinin Ağdam və Füzulidə nə işi var? Demək, işğalçıların Dağlıq Qarabağ ətrafındakı postları bundan sonra da vurulacaq və düşmən neytrallaşdırılacaq. Bundan qorxub çəkinmək lazım deyil. Biz öz torpaqlarımızı işğalçıdan qorumağa çalışırıq və bunu bizə kimsə qadağan edə bilməz. Bu strategiyaya uyğun olaraq da zaman-zaman həm düşmənin hərbi texnikası məhv edilir, həm də canlı qüvvəsi neytrallaşdırılır”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib status-kvonun davam etdirilməsini istəyir. Biz isə status-kvodan narazıyıq: “Biz istəyirik ki, proses ölü nöqtədən tərpənsin. Ona görə də işğalçını daim təzyiq altında saxlamalıyıq. Yəqin ki, nə demək istədiklərim aydın olur”.

Politoloq bildirib ki, Azərbaycan status-kvonun davam etməsini istəmir və işğalçıların qısa zamanda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmasını tələb edir: “Bu məqsədlə də daim işğalçıya qayrşı təzyiq elementindən istifadə edir”.

E.Şahinoğlu bu taktikanın indi seçilmədiyini də vurğulayıb: “Bu taktika təxminən iki ilə yaxındır həyata keçirilir. Sadəcə, zaman-zaman miqyası genişlənir. Bu taktika əsasında düşmənə məxsus helikopter də vurulub, son videogörüntüsü yayımlanan düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitələri də məhv edilib. Bəli, zaman-zaman miqyası azalır, zaman-zaman artır. Bu taktikanın uğurları var. Çünki əgər geniş müharibə aparmaq çətindirsə, böyük dövlətlər buna hər zaman buna əngəl olmağa çalışırlarsa, lokal toqquşmaları, işğalçıya daimi təzyiqi bizə heç kim qadağan edə bilməz. Elə bu məqsədlə də biz cəbhə bölgəsində monitorinq işlərinin gücləndirilməsinə imkan vermirik . Bu, status-kvonun daha da gücləndirilməsi anlamına gələr. Ona görə də bu taktikadan zaman-zaman istifadə olunur. Bu da Ermənistanda itkilərin sayının artmasına və Ermənistan cəmiyyətində narahatlığıa səbəb olur”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər