16 Fevral 2017 09:03
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi diplomat Robert Sekutanın Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə təşkil edilən səfərdən iştirak etməməsinə aydınlıq gətirib.

Səfirlikdən Teleqraf.com-un ABŞ səfiri Robert Sekutanın Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə təşkil edilən səfərə qatılmamasının səbəbi ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, ABŞ səfirliyi Cocuq Mərcanlıya təşkil edilən səfərdə təmsil olunub: "Amerika Birləşmiş Ştatlarının səfirliyi yardımlar və yenidənqurma sahəsində ən yüksək səviyyəli təmsilçisi, USAİD təşkilatının Azərbaycandakı direktoru Mikaela Meredisi Cocuq Mərcanlıya göndərib. Xanım Meredis oraya vəziyyətlə tanış olmaq vəziyyəti qiymətləndirmək və bizim gələcəkdə nə kimi yardım edə biləcəyimizi müəyyənləşdirmək üçün gedib. 1992-ci ildən bəri Birləşmiş Ştatlar Azərbaycana 1.3 milyard dollar məbləğində yardım edib. Biz daha güclü, sabit, firavan və demokratik Azərbaycanın inkişafı üçün Azərbaycan hökuməti ilə işimizi davam edəcəyik".


Qeyd edək ki, dünən Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov ABŞ-ın ölkəmizdəki səfiri də daxil olmaqla cəmi 6 səfirin bu səfərdə iştirak etmədiyini bildirib. O, bu səfərə qoşulmayan diplomatları tənqid edib və ABŞ səfiri cənab Robert Sekutanın ölkədə olduğunu vurğulayıb.

Səfər Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq təşkil edilib.

Nərgiz Ehlamqızı


Müəllif: